Sosial şəbəkələr tələbələr üçün daha böyük fəsad yaradır

17 İyun 2014 11:47 (UTC+04:00)

Son illər sosial şəbəkələrdən, internetdən asılılıq bütün dünyada xarakterik hal alıb. Eləcə də Azərbaycanda. Uşaq, gənc, yaşlı demədən artıq çoxumuz günümüzün ən dəyərli vaxtlarını virtual aləmdə xərcləyirik. Lakin gənclər arasında xüsusən aludəçilik halına gələn bu vərdiş onları daha çox geri salır. İlk növbədə də təhsildən. Bəzi hallarda tələbələr dərs müddətində belə bu vərdişdən əl çəkə bilmir, vaxtı sosial şəbəkədə keçirirlər. Smart telefonlar isə onlara bu sahədə əlavə imkanlar yaradır. Ekspertlər bildirirlər ki, bu vəziyyət dərsin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. 

Təhsil eksperti Məhərrəm Zülfüqarlı Movqe.az-a verdiyi açıqlamada bildirir ki, bəzən tələbələr bütün gecəni yatmaq əvəzinə, sosial şəbəkədə keçirir: "Səhər dərsə gələndə yuxulu olur. Nəticədə diqqətini dərsə verə bilmir. Bu, təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Deyərdim ki, bu asılılıq qloballaşmanın gətirdiyi bir bəladır". 

Ekspert hesab edir ki, bundan xilas olmağın yolu isə yalnız evdə və məktəbdə verilən tərbiyədən asılıdır: "Hər şey həddində istifadə olunmalıdır. Sosial şəbəkə elədir ki, onu qadağa eləmək olmaz. Çünki bu, qloballaşma dövründə elə kütləviləşən bir şəbəkədir ki, bunu qadağa eləmək demokratiyanın pozulması kimi qiymətləndirilə bilər. Amma ailə tərbiyəsi ilə, böyüklərin məsləhəti ilə hər şeyi qaydasında salmaq olar. Hərdən görürsən ki, nəinki təhsilin keyfiyyəti ilə bağlı problem yaşanır, hətta tələbələrdə psixoloji problemlər müşahidə edilir. Dərs prosesində qadağa qoyulur, düzdür. İcazə vermirik. Amma dərsdən kənar məşğul olsalar da bu gənclərə mənfi təsir edir. Dərs prosesində də öz fəsadlarını göstərir". Məhərrəm Zülfüqarlı müəllimlərin də öz telefonlarına nəzarət etməli olduqlarını bildirib: "Bundan əlavə, dərsə daxil olan müəllim də öncə öz telefonunu söndürməlidir. Sonra isə sinfə, auditoriyaya nəzarət etməlidir".  

Digər ekspert Qüdrət İsaqov isə Movqe.az-a bildirib ki, dərs zamanı telefonlardan istifadəyə qadağa artıq Təhsil Nazirliyi səviyyəsində qoulmalı olan ciddi məsələdir: "Tələbələrin dərs zamanı planşetlərdən, mobil telefonlardan istifadə etməklə sosial şəbəkələrdə olması qəti surətdə qadağan edilməlidir. Hətta mən deyərdim ki, bu, Təhsil Nazirliyi səviyyəsində qadağa qoyulmalı olan məsələdir. Çünki bu amil təhsilin keyfiyyətini tamamilə effektsiz edir. Sosial şəbəkədən istifadənin də öz vaxtı, öz qədəri olmalıdır".