17 İyun 2014 20:07 (UTC+04:00)
Bakı Şəhər Prokurorluğu azyaşlı uşağın zorlanması
faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən ANS
PRESS-ə verilən məlumata görə, iyunun 14-də saat 01:00 radələrində
paytaxtın Binəqədi rayonunda kirayədə yaşayan 1956-cı il təvəllüdlü
Yusifov Yaşar Bəhlul oğlu sərxoş vəziyyətdə yaşadığı evin həyətində
kirayədə yaşayan Lalə Cəfərovanın (ad və soyad şərtidir) evinə
daxil olaraq onun 2007-ci il təvəllüdlü qızı Leylanın (ad şərtidir)
evdə köməksiz vəziyyətdə tək olmasından istifadə edərək ona
xəsarətlə müşayiət olunan zor tətbiq etməklə cinsi əlaqədə olub
zorladıqdan sonra hadisə yerindən qaçıb.
Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda
Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar
surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə)
maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin
edilib və digər zəruri istintaq hərəkətləri yerinə
yetirilib.
Rayon prokurorluğu və Rayon Polis İdarəsinin
əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və
əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Yaşar Yusifov
tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar
olduğundan o, tutularaq istintaqa cəlb olunub və təqsirləndirilən
şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 3 ay
müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam
etdirilir.