Təhsil Nazirliyinin imatahana telefonla girən müğənni haqqında cavabı !

17 İyun 2014 18:57 (UTC+04:00)

Mövqe.az-ın müğənni Günay İbrahimlinin imtahan xəbəri ilə bağlı 05.06.2014-cü il tarixində Təhsil Nazirliyinə ünvanladığı sorğuya cavab gəlib: "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən verilən məlumata görə, Günay İbrahimli universitetdə "estrada sənəti" ixtisası üzrə IV kursda təhsil alır. 04.06.2014-cü il tarixdə "Mədəniyyət tarixi və nəzəriyyəsi" imtahanı zamanı G.İbrahimli mobil telefondan istifadə edərək imtahan biletinin və cavab kartının şəklini sosial şəbəkədə yerləşdirdiyi üçün tələbəyə və buna imkan verdiyinə görə imtahan nəzarətçisi-koordinator Rəşad Kazımova universitet rəhbərliyi tərəfindən ciddi xəbərdarlıq edilmişdir. Eyni zamanda bildiririk ki, G.İbrahimli "Mədəniyyət tarixi və nəzəriyyəsi" imtahanından cəmi 9 bal toplamış (minimal keçid balı 17 baldır) və bu səbəbdən yekun dövlət attestasiyasına buraxılmamışdır.


Xatırladaq ki, 04.06.2014-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən imtahan zamanı tanınmış müğənni Günay İbrahimli də imtahanverib. Bu barədə müğənni sosial şəbəkədə məlumat paylaşaraq ADMİU-də "Mədəniyyət tarixi və nəzəriyyəsi" fənnindən imtahan verdiyini əks etdirən foto paylaşaraq məlumat qeyd edib. Həmin fotoda universitetin 4-cü kurs tələbəsi olan Günay İbrahimli qeyd edib ki, 04.06.2014-cü il tarixində imtahan verib. Həmin imtahanda çəkdiyi biletin fotosunu əks etdirən görüntünü, cavab vərəqəsini sosial şəbəkədə paylaşıb. Müğənninin bu addımı sosial şəbəkədə, KİV-də birmənalı qarşılanmayıb. Müğənninin imtahana mobil telefonla daxil olması çoxsaylı suallara yol açıb. Maraqlıdır, ali təhsil müəssisələrində imtahana mobil telefonla daxil olmaq qadağan olduğu halda müğənniyə imtahanda telefondan sərbəst istifadə üçün imkan hansı əsasla yaradılıb.