Çəki atmağın əsas şərti müəyyən edilib

18 İyun 2014 17:27 (UTC+04:00)

Briqama adına Qadın xəstəxanasının elmi əməkdaşları  Bostondakı Tafts Universitetindən olan ekspertlərlə birlikdə bir sıra araşdırmalar apararaq sübut ediblər ki, artıq çəkidən xilas olmaq üçün təkcə qidanın kaloriliyinə nəzarət etmək lazım deyil.

Məlum olub ki, əsas qida nə qədər gec qəbul edilirsə, çəkini atmaq bir o qədər çətin olur. Sözügedən tədqiqatın aparıcı müəllifinin məlumatına görə,  təcrübələr göstərib ki, insan günün gec vaxtlarında yemək yeyirsə, o, gündüz saat üçə qədər qidalanlarla müqayisədə  çox gec arıqlayır. "İnsanın əsas yeməyi məhz saat neçədə qəbul etməsi arıqlama üzrə müxtəlif proqramların tərtib edilməsi zamanı əsas amil kimi çıxış edir"- aparıcı həkim Şeer bildirib. 

Tədqiqatçılar artıq çəkidən əziyyət çəkən insanların böyük qrupundan alınmış informasiyanı analiz ediblər. Respondentlərin hamısı Mursiya şəhərində keçirilən arıqlama üzrə 20 həftəlik proqramda iştirak ediblər.

Qeyd edək ki, həmin regionda günün ənənəvi əsas yeməyi nahardır və məhz bütün gün ərzində yerli əhalinin aldığı kalorinin qırx faizi onun üzərinə düşür. 

Eksperimentdə iştirak edən qadınların hamısı qruplara bölünüb: qrupların birində iştirakçı qadınlar naharı erkən saatlarda, digər qrupda isə daha gec saatlarda qəbul ediblər.   Nəticələr yekunlaşdırılan zaman məlum olub ki, birinci qrupdakı xanım iştirakçılar daha yaxşı arıqlayıblar, ikinci qrupda isə insulinə qarşı aşağı həssaslıq qeydə alınıb və məhz bu, öz növbəsində, şəkərli diabetin inkişafı üçün ilkin şərt kimi çıxış edir.