Neft yeni bahalaşmaya yol açır

18 İyun 2014 08:52 (UTC+04:00)

İraqda cərəyan edən hadisələr "qara qızıl"ın qiymətinə də təsir edib. Xatırladaq ki, hazırda neftlə zəngin İraq yeni qarşıdurmalar məkanına çevrilib. Ölkənin şimalından hərəkət edən "İraq və Şam İslam Dövləti" nin (İŞİD) yaraqlıları demək olar heç bir ciddi maneəyə rast gəlmədən paytaxt Bağdada yaxınlaşıb. Onlar hazırda həm də ölkənin bir sıra neftlə zəngin ərazilərinə nəzarət edir. Bu olaylar isə neftin qiymətinə də öz təsirini göstərib. Hazırda neftin bir barrel üçün qiyməti 113 dolları keçib və onun daha da bahalaşacağı gözlənilir.

Halbuki, İraqdakı hadisələrə qədər neftin qiyməti uzun müddət idi, demək olar 109-110 dollar arasında stabil qalırdı. Azərbaycanda neft ölkəsi olduğundan, dünya birjalarında bu xammalın qiymətində baş verən dəyişikliklər ölkəmizin də həmişə diqqət mərkəzində olur. Maraqlıdır, İraqdakı hadisələrlə əlaqədar neftin bahalaşması Azərbaycana nə vəd edir?

Neft məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev qeyd etdi ki, bu halda Azərbaycanın neftdən gələn gəlirləri bir qədər də artacaq: "İraqda baş verən son hadisələr fonunda dünya bazarında neftin qiymətində kəskin artımlar müşahidə olunur. Son məlumata görə, "Brent" markalı neftin bir barrelinin London birjasında satış qiyməti 112 dollardan yuxarıdır. Yüngül Texas neftinin Nyu-York əmtəə birjasında satış qiyməti isə 106 dollar təşkil edir. İraqda baş verən hadisələr belə davam edəcəyi təqdirdə, neftin qiymətində bahalaşma daha da yüksələcək. Çünki 2013-cü ilin statistik göstəricilərinə görə, İraqda sutkalıq neft hasilatı 3,4 milyon barrel təşkil edib. Düzdür, hələ döyüşlər Türkiyə ilə sərhəd ərazilərdə, Kərkük, Mosul, Ərbil, Süleymaniyə istiqamətində gedir, bu ərazilərdə vəziyyət daha da gərginləşib. Amma İraqın əsas neft yataqları, ölkənin cənub hissəsində, İranla sərhəddə olan Bəsrə şəhərindədir. Belə davam edərsə, gərgin vəziyyət özünü İraqın bütün ərazisi boyu göstərərsə, bu halda Fars körfəzində vəziyyət daha gərgin hal alacaq. Çünki Yaxın və Orta Şərq ölkələrinin hasil etdiyi neftin böyük hissəsi Fars körfəzi vasitəsi ilə nəql olunur. Bundan başqa, "İraq və Şam İslam Dövləti" qüvvələri İraqın şiələr yaşayan cənub bölgələrinə müdaxilə edərsə, münaqişəyə şiə dövləti olan İranın da cəlb olunması gözlənilir. Azərbaycana gəldikdə, baş verən hadisələrdən dünya bazarında neftin bahalaşması ölkəmizin ixrac etdiyi neftin qiymətində də artımlara gəririb çıxaracaq. Nəticədə ARDNŞ və neft yataqlarındakı səhmdarların gəlirləri bir qədər də artacaq. Lakin inanmıram ki, ilin sonuna qədər neftin qiymətində belə yüksək bahalaşma halı baş versin. Bir müddətdən sonra yəqin ki, qiymət müəyyən bir həddə dayanacaq. Bir məsələni nəzərə almaq lazımdır ki, Yaxın və Orta Şərqdə baş verən hadisələr idarə olunan hadisələrdir. Yəni bir müddətdən sonra bu məsələ səngiyə bilər. Bütün hallarda dünya bazarlarında neftin qiymətində belə artımların müşahidə olunması dünyada ümumdaxili məhsul istehsalına heç də yaxşı təsir etməyəcək. Adekvat olaraq, digər məhsulların da qiyməti qalxacaq, əsasən də neft sektoru ilə bağlı olan avadanlıqlar, aqreqatların, istehsal olunan bütün neft məhsllarının qiyməti artacaq. Hələ İraqdakı hadisələrdən öncə də neftin qiymətində artımlar müşahidə olunurdu. Beynəlxalq ekspertlər bunu bir məsələ ilə əlaqələndirib. Bu da ondan ibarətdir ki, son dövrlər Avropa bazarına çox aşağı qiymətə böyük miqdarda həm dizel yanacağı, həm də mazut daxil edilib. Ona görə də, bir həftə öncə Avropadakı neft emalı zavodlarının əksəriyyəti öz istehsal imkanlarını bir qədər aşağı saldı. Bu da bazardakı tendensiya ilə bağlı idi. Bütün hallarda, İraq və Suriyada baş verən olaylar, dünya birjalarında neftin qiymətinin qalxması, birbaşa digər sahələrdə də bahalaşmalara səbəb olacaq. Azərbaycanın isə bu prosesdən qazancı kifayət qədər yüksək olacaq. Bahalaşma fonunda Azərbaycan Dövlət Neft Fonduna daxil olmalar bir qədər də artacaq".

Ekspert İlham Şaban da vurğuladı ki, sözügedən hadisə Azərbaycanın gəlirlərinin çoxalmasına səbəb olacaq: "Neftin qiymətinin dünya bazarlarında artması Azərbaycana əlavə gəlirlərin gəlməsi demək olacaq. Hazırda bu qiymət 113 dollar ətrafındadır. Azərbaycan dövlət büdcəsində isə 100 dollarlıq hədd nəzərdə tutulub. Deməli, hazırda neftin qiyməti büdcədə nəzərdə tutulandan 13 dollar çoxdur. Neftin son zamanlara qədər orta qiyməti 109,5 dollar idi. Son on gündə isə qiymətin 110 dollardan artıq olması ona dəlalət edir ki, artıq ilk altı ay ərzində neftin orta qiyməti təqribən 110 dollar olacaq. Bu da əvvəlki illərin orta qiymətinə yaxın qiymətdir. 2011-ci ildə neftin orta qiyməti 111 dollar ətrafında olub. Azərbaycan üçün neft hasilatı azaldığı bir dövrdə, onun qiymətinin yüksək olması, hasilatın azalmasını demək olar, kompensasiya edir. Belədə ölkəmiz hasilatın azalmasını öz üzərində hiss etmir".