Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

18 İyun 2014 23:19 (UTC+04:00)

Bu günlə müqayisədə sabah günün birinci yarısında Azərbaycanda daha isti hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Lakin günün ikinci yarısında küləklə əlaqədar hava axşama dorğu nisbətən sərin olacaq. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

O deyib ki, iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi axşama dorğu arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-22, gündüz 29-34 dərəcə isti olacaq. Günün birinci yarısında yarımadanın bəzi yerlərində temperatur 37 dərəcə təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında iyulun 19-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 30-35, bəzi yerlərdə 38 dərəcə, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə, bəzi yerlədə 28 dərəcə isti olacaq.