Vəzifəli şəxslə bağlı video paylaşan reket həbs olundu
18 İyun 2014 19:10 (UTC+04:00)
Baş Prokurorluq özünü "Azadlıq" qəzetinin
əməkdaşı kimi təqdim edən Ərşad İbrahimovla bağlı məlumat yayıb.
Movqe.az -a qurumun mətbuat
xidmətindən daxil olan məlumatda bildirilir ki, reket jurnalist
Ərşad İbrahimov 2012-2013-cü illərdə ayrı-ayrı vaxtlarda Kəlbəcər
rayon Təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovdan onun
barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə 30 min manat
məbləğində vəsaiti hədə-qorxu ilə tələb etmiş, lakin sonuncu pulu
verməkdən imtina etdiyi üçün 13 aprel 2013-cü il tarixdə "YOUTUBE"
internet portalında "Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri
Mamed Bağırov 17 yaşlı qızı zorlayıb" başlıqlı informasiya
yerləşdirib. M.Bağırovun müraciəti
əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat
idarəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb
etmə) maddəsi ilə cinayət işi başlanmışdır. Ə.İbrahimova həmin
maddədə nəzrədə tutulan ittiham elan edilməklə barəsində həbslə
bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə istintaq
tamamlanaraq baxılması üçün Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.
Məhkəmə baxışı zamanı Ə.İbrahimov şahidlərə qanunsuz
təsir göstərməklə məhkəmənin normal gedişinə mane olduğuna görə
barəsində həbs qətimkan tədbiri seçilib. Bəzi kütləvi informasiya
vasitələrində Ə.İbrahimovun guya "Azadlıq" qəzetinin əməkdaşı
olması barədə informasiyalar həqiqəti əks etdirmir.