İctimai nəqliyyatda güzəştlər yenidən qayıdır?!

20 İyun 2014 11:10 (UTC+04:00)

Məlumat verildiyi kimi, 2015-ci ilin yayınadək  paytaxtda fəaliyyət göstərən sərnişin avtobuslarının hamısının  kart sisteminə keçilməsi planlaşdırılır. Hələ bir neçə il əvvəldən isə belə söhbətlər gəzir ki, kart sisteminə keçiddən sonra müəyyən əhali qrupları üçün xidmət haqqı ilə bağlı güzəştlər tətbiq ediləcək. Məsələn, tələbələrin onlara paylanılan tələbə kartlarından ictimai nəqliyyatda da güzəştlə istifadə etməsi mümkün sayılır. Eləcə də təqaüdçülərin belə bir güzəştdən yaralana biləcəyi istisna edilmir. 

İqtisadi Və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov məsələ ilə bağlı Movqe.az-a aşağıdakıları bildirib: "Belə güzəştlər dünyanın bir çox ölkələrində tətbiq edilir. Bu, daha çox əhalinin aztəminatlı təbəqəsinə, eyni zamanda tələbə kontingentinə aid edilir. Bəzi ölkələrdə isə xüsusi statusu olan şəxslər üçün nəzərdə tutulur. Hal-hazırda dünya təcrübəsinə baxsaq, görərik ki, bəzi ölkələr məhz turizmin inkişafı baxımından belə güzəştlərin tətbiqini həyata keçirir. Ölkə ərazisində turistin gəzməsi üçün, nəqliyyatda ona daha rahat, sərfəli şərait yaraılır. Çünki turist nə qədər gəzirsə, ölkə iqtisadiyyatına xeyir verəcək. Onun ölkədə daha çox qalmasını təmin etmək və bu ölkədə istirahət etməsinə maraq artırmaq üçün onlara güzəştlər tətbiq edilir.  Azərbaycanda isə bu sahədə ciddi problemlər mövcuddur. Əslində, Azərbaycanda da vaxtilə bu güzəştlər olubdur. O vaxt müəllimlərə, tələbələrə, bundan əlavə qaçqınlara, müharibə veteranlarına bu istiqamətdə güzəşt edilirdi.  Lakin sonradan onlar ləğv olundu. Azərbaycan nəqliyyat sistemində sistem elə qurulmuşdu ki, kütləvi sərnişin daşıyan avtobus sürücüyə verilir, müəyyən plan qoyulurdu ki, sürücü həmin planı ödəməli, eyni zamanda yanacaq xərcini, təmir və s. xərcləri də özü verməli idi. Eyni zamanda isə, özünü, ailəsini dolandırmaq üçün gəlir əldə etməli idi. Planın tətbiq olunduğu bir şəraitdə güzəştlərin tətbiq edilməsində doğru deyil".

Ekspert deyib ki, indiki şəraitdə güzəştlərin tətbiqi mümkündür: "Bizdə olan məlumata görə, nəqliyyatda kart sisteminə keçilməsi buna imkan yaradacaqdır. Bu mexanizm tam olmasa da, müəyyən qədər hazırdır. Nəzərdə tutulur ki, vətəndaşlar ödənişləri kartla edəcək, sürücülər isə qanuni şəkildə çalışıb əmək haqqı alacaqlar. Belə olan halda  sürücüyə maraqlı deyil ki, kim ödəniş edir, kim etmir. Çünki o istənilən halda öz əmək haqqı ilə razılaşıb gəlir işə. Buna görə də artıq bu zaman sürücünün xeyrindən və zərərindən söhbət gedə bilmir. Artıq dövlət mexanizmini işə salmaq olar. Əgər dövlət hansısa güzəştlər mexanizmini tətbiq edəcəksə, belə bir halda Nəqliyyat Nazirliyində artıq özəl və ya qeyri-özəl nəqliyyat şirkətləri üçün müəyyən hesabat formaları da hazırlanacaq. Hesabatlar aidiyyatı qurumlara təqdim ediləcək. Bu sistemin qurulmasnda elektron hökümətin imkanlarından da istifadə olunacaq. Hesabatlar nəticəsində aydın olacaq ki, dövlətin güzəştli şərtlərindən neçə fazi yararlanıb, nəqliyyat şirkətinə dövlət tərəfindən ödənilən  vəsait nə qədərdir və s. Beləliklə, dövlət və nəqliyyat şirkətləri  arasında maliyyə mexanizmi formalaşcaq".

Rəşad Həsənovun sözlərinə görə, bunlar arasında yaradılan normal münasibətlər mexanizmi güman olunur ki, yaxın gələcəkdə Azərbaycan nəqliyyat sistemində müsbət dəyişikliklərə gətirib çıxaracaq. 

Ekspert Azər Allahverənov da ictimai nəqliyyatda müxtəlif əhali qrupları üçün güzəştlərin tətbiqini zəruri sayır: "Cəmiyyət müxtəlif təbəqələrə ayrılıb. Burda təqaüdçülər də var, aztəminatlı ailələr də var və s. Lakin məlum olduğu kimi, hamının  yaşayış səviyyəsi yüksək deyil. Belə olan  halda dövlətin imkanları daxilində aztəminatlı təbəqəyə hər yerdə müəyyən güzəştlər edilməlidir. Eləcə də nəqliyyatda. Əgər söhbət kart sisteminə keçiddən gedirsə, burda güzəştlər paketi də olmalıdır. Çünki biz sosial cəmiyyətdə, dövlətdə yaşayırıq və bu element mütləq dövlətin imkanları daxilində nəzərdən keçirilməlidir. Ayrı-ayrı sahələrə nəzər saldıqda görürük ki, müəyyən dərəcədə güzəştlər var. Müxtəlif şirkətlər təklif elədikləri xidmətlər çərçivəsində ödənişlə bağlı güzəştlər edirlər. Belə olan halda nəqliyyatda da əhalinin müxtəlif kateqoriyaları, məsələn, təqaüdçülər, tələbələr, müəllimlər və s. bu xidmətdən müəyyən dərəcədə yararlana bilməlidirlər. Əvvəllər Azərbaycanda belə sistem mövcud idi. Digər bir tərəfdən sistem də var idi ki, hansısa icitmai nəqliyyat vasitəsinə abunə olduqda, aylıq qiymətlərdə endirim edilirdi. Vətəndaş 1 aylığına hansısa avtobus, tramvaya, trolleybusa abunə olurdusa, güzəştlə xeyli irəli düşürdü. Tələbələrə isə 50%  güzəşt edilirdi. O zaman elə yerlər var idi ki, təqaüdçülər ora ümumiyyətlə pulsuz gedib-gələ bilərdilər". 

Azər Allahverənov deyib ki, məsələ ilə bağlı qiymətləndirmə aparılmaslı, yekdil fikrə gəlinməlidir: "Düzdür, indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Anlamaq olar ki, bu addım iqtisadi cəhətdən mənfəətli olmaya bilər. Amma istənilən halda, düşünürəm ki, qiymətləri müəyyənləşdirən zaman bu faktı da nəzərə almaq lazımdır. Ən azından tələbələr, təqaüdçülər və digər kateqoriyadan olan insanlar üçün müəyyən  güzəştlər nəzərdə tutulmalıdır. Təbii ki, bu sahədə aylıq abonement sistemi tətbiq olunacaqsa, orda da bu elementlər nəzərdən keçirilməlidir. 

Düşünürəm ki, məsələ ilə bağlı qiymətləndirmə aparılmalıdır. Ayrı-ayrı qurumların, məsul şəxslərin, iqtisadçıların münasibəti öyrənilməli, yekdil fikrə gəlinməlidir. Ondan sonra bunu həyata keçirmək olar. 

Ən optimal vəziyyət seçilməlidir ki, həm ictimai nəqliyyatın təmin olunması ilə məşğul olan şirkətlərə ziyan dəyməsin, həm də müxtəlif kateqoriyaya aid insanlar bu güzəştlərdən yararlanmağa nail olsunlar".