Hakerlər ildə 445 milyard dollar qazanır

21 İyun 2014 11:00 (UTC+04:00)
Dünya iqtisadiyyatı kiber cinayətkarlığa görə hər il 445 milyard dollar itirir. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, "Center for Strategic and International Studies" Beynəlxalq Araşdırmalar (CSIS) Mərkəzinin əməkdaşları kiber cinayətkarlar tərəfindən dünya iqtisadiyyatına vurulan zərəri ildə 445 milyard dollar məbləğində qiymətləndiriblər. 

Bununla yanaşı, əqli mülkiyyət obyektlərinin oğurlanması nəticəsində biznes sahəsi təxminən 160 milyard dollar itirir.

Bu haqda "Reuters" agentliyi "McAfee" antivirus firmasının dəstəyi ilə keçirilmiş tədqiqat məlumatlarına istinadla məlumat yayıb. Hakerlərin qanunsuz fəaliyyətindən ən çox ABŞ, Çin, Yaponiya və Almaniya zərər görür. Bu ölkələrin iqtisadiyyatı hər il ümumilikdə təxminən 200 milyard dollar itirir. İnkişaf etməkdə olan ölkələrə dəyən zərər isə hələ ki azdır.

Tədqiqatlara görə, dünyanın internet iqtisadiyyatı ildə 2-3 trilyon dollar generasiya edir. Bu gəlirin təxminən 15-20 faizini kiber cinayətkarlar götürürlər. Yalnız fərdi informasiyanın ələ keçirilməsindən dəymiş zərər 150 milyard dollar dəyərində qiymətləndirilir. Təxminən 40 milyon amerikalı ələ keçirilmiş məlumatların "qurbanı" olub. Türkiyədə bu göstərici 54 milyon, Almaniyada 16 milyon, Çində 20 milyondan çoxdur.

"IDC" analitiklərinin qiymətləndirməsinə görə, 2014-cü ildə dünya şirkətləri qeyri-leqal proqram təminatında boşluqların aradan qaldırılmasına 127 milyard dollar xərcləyəcəkdir. Daha 364 milyard dollar korporativ informasiya sızması ilə mübarizəyə sərf olunacaqdır.