Azərbaycanda meyit orqanlarından istifadə konsepsiyası hazırlanır
22 İyun 2014 00:00 (UTC+04:00)
"Azərbaycanda ən böyük problemlərdən biri donor
çatışmazlığıdır. Cəmiyyətdə donor olmağa qarşı fobiya
var".
Movqe.az Modern.az-a istinadən xəbər verir ki
,Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan
transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru
Mircəlal Kazımi deyir.
"Bəli, insanları çox qorxudurlar. Əgər hər bir
şəxs canlı donor kimi böyrəyinin birini, qaraciyərinin bir
hissəsini verib şikəst və əlil olmuş olsaydı, Azərbaycanı kənara
qoyaq, bütün dünya bu əməliyyatları etməzdi. Bu gün isə bu
əməliyyatların sayı bütün ölkələrdə artma istiqamətində
gedir".
Mircəlal Kazıminin sözlərinə görə, orqan
köçürülməsində digər mühüm problem meyit orqanlarından istifadə
edilmənin qeyri-mümkünlüyüdür.
"Təəssüf ki, alternativ donor hovuzumuz yoxdur.
Yəni hələ də digər ölkələrdə olduğu kimi, meyit orqanından istifadə
edə bilmirik. Əgər meyit orqanından istifadə etmiş olsaq, bu
problem nisbətən aradan qalxmış olar. Donor əməliyyatının özünün öz
riskləri var, təbii ki, meyit orqanı olsa, bu minimal risklərdən də
insanlar qurtarar. Amma hazırda Səhiyyə Nazirliyi tərəfindən bunun
da konsepsiyası hazırlanır".
Cərrah transplantoloq qeyd edir ki, Azərbaycanda
qaraciyər və böyrək köçürülməsi əməliyyatları daha geniş yayılıb.
Buna baxmayaraq əməliyyat oluna bilən xəstələrin sayı müraciət
edənlərin yalnız 10-15 %- ni təşkil edir.
"Hazırda yalnız və yalnız qohum donorlardan
istifadə edərək əməliyyatı həyata keçiririk. Xəstələtimizin bir
hissəsi canlı donor qohumlarının uyğun gəlmədiyi xəstələrdir, yəni
donorları olmayanlar. Digər bir məsələ isə xəstələrin əməliyyatdan
sonra yaşadığı çətinliklərdir. Belə ki, dünya tibbinin qəbul etdiyi
nəticələrə görə, xəstələrin 20%-də fəsadlaşma ehtimalı var. Buna
səbəb orqanizmin yeni orqana uyğunlaşma mərhələsi, o mərhələdə
yaşanan çətinliklərdir. Böyrək köçürülmüş xəstələrə Səhiyyə
Nazirliyinin hazırladığı 2011-2015-ci illərə dair dövlət proqramı
çərçivəsində dərman preparatları pulsuz verilir. Amma qaraciyər
xəstələri üçün bu proqram keçərli deyil. Elə bu səbəbdən də
əməliyyatdan sonra yaşanan ən böyük problemlərdən biri dərman
preparatlarına xərclənən vəsaitdir. Nəzərə alsaq ki, xəstələr bu
preparatları ömürlük qəbul edirlər, o zaman bu çox yüksək məbləğ
deməkdir".
Azərbaycanda ilk orqan köçürülməsi əməliyyatı
2008-ci ilin dekabr ayında həyata keçirilib. Ümumilikdə bu günə
qədər Azərbaycanda 200-dən çox əməliyyat həyata keçirilib.
Bunlardan 146-sı böyrək, 61-i qaraciyər
əməliyyatıdır.
Artıq Mərkəzi Neftçilər Xəstəxanası Avropa
transplantasiya reyestrinə qəbul olunub.