Oğurlanan telefonlar uzaqdan blok ediləcək
22 İyun 2014 17:05 (UTC+04:00)
Google və Microsoft şirkətləri Android və Windows
Phone mobil əməliyyat sistemlərinə itirilmiş və ya oğurlanmış
qurğunun işini uzaq məsafədən bloklamağa imkan verən kill switch
(ölüm düyməsi) funksiyasını əlavə edəcək. Bu barədə Nyu-York
ştatının baş prokuroru Erik Şneydermana istinadən Bloomberg
agentliyi məlumat verib.
Movqe.az ANS PRESS-ə istinadən bildirir ki, son
ildə müxtəlif ölkələrin hökumətləri dəfələrlə smartfon
istehsalçılarını və mobil rabitə operatorlarını mobil elektronikanı
uzaq məsafədən telefondakı şəxsi məlumatları silməyə və onun işini
dayandırmağa imkan verən mexanizmlərlə təchiz etməyə çağırıb. Bunda
məqsəd istifadəçilərin mobil qurğunun itirilməsi və ya oğurlanması
halında öz məlumatlarını mühafizə edə
bilməsindədir.
Lookout şirkətinin məlumatına görə, hər onuncu
smartfon sahibi cinayətkarların qurbanı olur. Təkcə ötən il 3,1
milyon amerikalının mobil telefonu zorla əlindən alınıb. ABŞ
Federal Rabitə Komissiyasının məlumatına görə, iri şəhərlərdə
oğurluq hallarının 30 faizi mobili telefon oğurluğu ilə
bağlıdır.
Kreyton Universitetinin statistika kafedrasının
professoru Uilyam Dakvortun qiymətləndirməsinə görə, amerikalıların
telefonlarında quraşdırılan kill switch funksiyası onlara ildə 2,6
milyard dollara qənaət etməyə imkan verəcək. Bura sığorta xərcləri
və itirilmiş və ya oğurlanmış telefonlar əvəzinə, yeni qurğuların
alınması daxildir.
iPhone smartfonu 2013-cü ildə kill switch
funksiyası ilə təchiz edilməyə başlayandan sonra cari ilin ilk beş
ayında Nyu-Yorkda Apple məhsullarının oğurlanması 19 faiz azalıb.
San-Fransisko və Londonda analoji göstəricilər müvafiq olaraq 38 və
24 faiz aşağı düşüb.
Bu rəqəmlər ölüm düyməsinin işinin yüksək
effektivliyini göstərdiyindən Android və Windows sistemlərində bu
mexanizmlərin tətbiqi istehlakçıların təhlükəsizliyi üçün irəliyə
doğru addımlar atmağa imkan verəcək.