Təhsil Nazirliyinin
təşkilatçılığı ilə 50-dək jurnalistin Şəki şəhərinə səfəri
çərçivəsində 1831-cü ildən fəaliyyət göstərən Şəki şəhər 5 nömrəli
tam orta məktəbində bu məktəbin yetirməsi, Bakı Dövlət
Universitetinin professoru Şirməmməd Hüseynovla görüş keçirilib.
Movqe.az xəbər verir ki, görüşdən öncə 183 yaşlı məktəblə bağlı
jurnalistlərə geniş bilgi verilib. Şəki Şəhər Təhsil Şöbəsinin
(ŞTŞ) müdiri Südabə İsmayılova bildirib ki, Şəki şəhər 5 nömrəli
tam orta məktəb ilk dəfə Şəkidə (Nuxada) rus-tatar qəza məktəbi
kimi fəaliyyətə başlayıb: " Bu işə böyük rəğbətlə yanaşan yerli
əhali kirayə məktəb binası üçün vəsait də toplayıb. İlk vaxtlar iki
sinifdən ibarət olan qəza məktəbində üç müəllim çalışıb. Onlardan
biri məktəb müdiri, biri fənn müəllimi olub. Üçüncü müəllim isə
Azərbaycan dili və şəriətdən dərs deyib. Sonralar digər fənləri
Rusiyada təhsil almış məzunlar tədris ediblər. Məktəb fəaliyyətə
başlayandan iki il sonra şagirdlərin sayı 29-a çatıb. Bunların da
21 nəfəri tacir övladları olub. 1835-ci ildə Zaqafqaziya
məktəblərinin nizamnaməsi təsdiq ediləndən sonra ikisinifli mövcud
qəza məktəbləri üçsinifli məktəblərə çevrilib. Tədris olunan
fənlərin sayı artırılıb. Zaqafqaziyada ən çox işlədilən Azərbaycan
dilinin tədrisinə isə diqqət artırılıb. Bu zaman qəza məktəbində
artıq 5 müəllim çalışıb. Siniflərin və şagirdlərin sayı artdıqca
məktəb üçün yeni bina tikmək zərurəti yaranıb. Yerli əhalinin
məktəbə maddi yardımı artıb. Yığılan vəsait barədə Zaqafqaziyanın o
zamankı baş hakimi baron Rozenə məlumat verilib və yeni məktəb
binasının tikilməsi üçün xahiş olunub. Tezliklə bu barədə müvafiq
sərəncam imzalanıb. Şəki qəza məktəbində ilk kitabxana da
yaradılıb. 1845-ci ilin məlumatına görə, burada 360 adda kitab və
tədris vəsaiti olub. 1867-ci ildə yeni nizamnaməyə əsasən üç əsas
sinifdən əlavə hazırlıq sinifləri də açılır və ilk dəfə olaraq
təhsil haqqı tətbiq olunub. Tədris planına yeni fənlər, latın və
Avropa dilləri də daxil edilib. 1877-ci ildə Şəki qəza məktəbi
üçsinifli şəhər məktəbinə çevrilib. Məktəbdə Azərbaycan və rus
dilləri, hesab, həndəsə, rəsm, rəsmxət, tarix, coğrafiya,
təbiətşünaslıq, şəriət və digər fənlər tədris olunub.
Artıq 1890-cı ildə məktəbdə 136, beş il sonra isə 167 şagird təhsil
alır. Həmin vaxta qədər 12 buraxılış üzrə məktəbin 125 məzunu olur.
Həmin dövrdə musiqi sinfi ancaq Şuşa və Şəki məktəblərində
fəaliyyət göstərib. Şəki şəhər məktəbi nəzdində ayrıca bazar günü
məktəbi (kursu) də təşkil edilib. Əsasən yaşlı insanların qəbul
edildiyi bu məktəb əhali arasında böyük rəğbət qazanıb. Bu məktəbin
məzunları arasında çox məşhur şəxslər olub. Mirzə Fətəli Axundzadə,
Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Heydər Əfəndiyev, Cəlil
Hüseynov, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə, Əlövsət Sadıqov,
Şirməmməd Hüseynov və digər tanınmışlar məhz bu məktəbin
yetirmələri olublar. 1981-ci ildə məktəbin 150 illiyi respublika
səviyyəsində qeyd edilib və məktəb Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunub. Müəllimlərdən
Diləfruz Axundova və Ruqiyyə Hüseynova əməkdar müəllim adına layiq
görülüb. 1988-ci ildən məktəb Şəki şəhəri, Füzuli küçəsi, 4
ünvanında yerləşir".
Məktəblə tanışlıqdan sonra bu məktəbin yetirməsi, Bakı Dövlət
Universitetinin professoru Şirməmməd Hüseynovla həmkarlarının
görüşünə start verilib. Ş. Hüseyenov 5 nömrəli orta məktəbdə təhsil
aldığı illərin xatirəsindən danışaraq, gənc ikən jurnalist kimi
çalışdığı vaxtlardan söz açıb: "Jurnalist sözün düzünü yazmağı,
haqq-ədalət öz yerini tapana qədər qələmini yerə qoymamalıdır. Bu
gün elə bir dövrdə yaşayırıq ki, informasia texnologiyalarının
köməyindən istifadə edərək informasiyanı yaymaq daha da asanlaşıb.
Xarici ölkələrdə jurnalistə informasiyanı vətəndaşlar da
verirlər. Çox arzulayıram ki, bizim ölkədə də cəmiyyət özü
jurnalistin informasiya mənbəyinə çevrilsin. Xairici ölkələrdə
belədir ki, hər hansı hadisə baş verən an istənilən vətəndaş həmin
kadrı lentə alıb mətbuata ötürür. Bizdə isə çox təəssüf ki, bu cür
vətəndaş mövqeyi olan insanlar azdır".
Ş. Hüseynovla görüşə maraqlı diskusiyaklarla son
vuruldu.