Dilimizin qəsdinə duran reklam lövhələri

23 İyun 2014 20:56 (UTC+04:00)

Bu gün bir çox küçə böyü düzülən rəngarəng reklam və elan lövhələrində xoşagəlməz hallara da rast gəlmək az qala adi hala çevrilib. Söhbət belə reklam və elanlarda Azərbaycan dilinin qrammatik qaydalarının bəzən kobud şəkildə pozulmasından gedir. Xüsusən divarlara yapışdırılan elanlarda qrammatik qaydalara ümumiyyətlə, çox hallarda diqqət edilmir. Rus, türk, ingilis sözlərindən  yerli-yersiz istifadə edilməsi də bir tərəfdən dilin leksik normasına ziddir. "Afsiantka teleb olunur", "İsdi peraşki" kimi yazılara çox yerdə rast gəlmək mümkündür. Bu, dilimizin korlanması baxımından kifayət qədər ciddi məsələdir. 

Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev məsələ ilə bağlı Movqe.az-a münasibət bildirib. Dilçi son dövrlərdə istər mediada, istərsə də  reklam və elanlarda qrammatik səhvlərin daha qabarıq surətdə nəzərə çarpmasını son illər kitab oxumaq vərdişimizin azalması ilə əlaqələndirir. Professor deyir ki,  birincisi, bu yazıları mütəxəssislər hazırlamalıdır. İkincisi, təəssüf ki, bu gün bizim ümumiyətlə, kitab oxuma mədəniyyətimiz çox aşağı səviyyədədir: "Çox az adam kitab oxuyur. Qrammatik vərdişlər məktəbdə öyrəndiyimizlə yanaşı, kitab oxumaqla, daimi mütaliə ilə formalaşır. Kitab az oxunur deyə, heç televiziya ekranlarında da 10 aparıcıdan 7-8-i normal danışmır. Ona görə də həm  məktəbdə yaxşı baza qoyulmalıdır, həm də insan öz üzərində işləməlidir. O ki qaldı reklamlara, bunların hazırlanması ilə mütəxəssilər məşğul olmalıdırlar. Hər firma sahibi istədiyi kimi mətn yaza bilməz. Bu yolverilməzdir". 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli də bildirir ki, reklam və elanlarda qrammatik normaların pozulması dilin özünə xələl gətirir: "Problemin qarşısının alınması üçün bu işlə məşğul olanlar əvvəla Azərbaycan dilini yaxşı bilməlidir. Əgər  dili yaxşı bilmirlərsə, mütəxəssislərə müraciət etsinlər. Çünki o reklamın səhv yazılması, lövhələrdə iri hərflərlə yazılan səhvlərin daha da diqqət çəkməsi reklam sahibi üçün çox böyük qüsurdur. Bu, qətiyyən yolverilən deyil. Müvafiq dövlət proqramında da küçə reklamlarının, afişaların yazılışının normaya uyğun olmasının vacibliyi vurğulanır. Hesab edirəm ki, belə problemlər həll olunmaması bütövlükdə Azərbaycan dilinə xələl gətirir. Çünki, bunlar Azərbaycan dilinin normalarının pozulması faktıdır və qarşısı mütləq alınmalıdır".

Qulu Məhərrəmli bildirib ki, Dilçilik İnstitutunun Monitorinq şöbəsi də bütün müəssisələrə bu mövzuda kömək etməyə, mütəxəssis yardımı etməyə hazırdır. 

Şöbə müdiri onu da qeyd edib ki, bu hallar davam edərsə, gələcəkdə inzibati addımlar da atıla bilər: "Cərimələrin tətbiq olunması inzibati addımdır. Dilçilik İnstitutunun elə sanksiyalar tətbiq etmək imkanı və hüququ yoxdur. Lakin gələcəkdə bununla bağlı inzibati addımların atılması məqsədəuyğun olardı. Çünki inzibati addım hər zaman daha effektli olur. Ona görə də, gələcəkdə tətbiqi gözlənilir". 

Hələlik isə reklam və elanlarda dil qaydalarını pozulması halaları davam edir. Araşdırmalar onu da göstərir ki, alınma sözlər heç bir səbəb olmadan bəzən orijinalda olduğu kimi yazılır. Məsələn, "Online xidmət", "Avangard", "Globus", "Granit" və sair. Bəzən isə ana dilində olan adlar "ə" hərfinin "e" hərfinə çevrilməsi ilə yazılır: "Mermer", "Gözellik salonu", "Perde evi". Ümumiyyətlə, Azərbaycan dilinin qayda pozuntuları daha çox reklam lövhələrində və özəl sahibkarlıq obyektlərinin adlarında müşahidə olunur.  Hesab olunur ki, bu problemin həllində ilk olaraq qanunlarımıza müraciət olunmalıdır. Obyektlərə adlarının qoyulması, reklam lövhələrinin hazırlanması zamanı "Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun şərtlərinə əməl edilməlidir.