Əcnəbi tələbələrin ADA Universitetinə qəbulu başa çatıb

23 İyun 2014 12:01 (UTC+04:00)

ADA Universiteti 2014-2015-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu prosesini başa vurub. Qəbul həm bakalavr, həm də magistratura üzrə aparılıb və ümumilikdə 27 ölkədən 49 tələbə ADA Universitetinə qəbul edilib. ADA Universiteti Kommunikasiya Departamentindən verilən məlumata görə, ABŞ, Kamerun, Serbiya, Litva, Vyetnam, Norveç, Küveyt, Rusiya, Kamboca, Gürcüstan, Montoneqro, Qambiya, Fələstin, Ukrayna, Cənubi Afrika Respublikası, Argentina, Qırğızıstan, Əfqanıstan, Banqladeş, Bahamalar, Ekvador, Kenya, Slovakiya, Pakistan, Filippin, Sudan, Zambiyanın təmsil edildiyi qəbul prosesində tələbələrdən 25-i bakalavr, 24-ü isə magistraturaya qəbul edilib.Ümumilikdə, ADA Universitetinin əcnəbi tələbələri Mərkəzi və Şərqi Avropa, Şimali və Latin Amerikası, Afrika, Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya daxil olmaqla dünyanın bütün regionlarını təmsil edirlər. Qəbul prosesinin yaddaqalan digər cəhəti də bu ildən etibarən ADA Universitetinin beynəlxalq tələbə icmasına 12 yeni ölkə təmsilçilərinin əlavə edilməsidir. Bu ölkələr aşağıdakılardır: Banqladeş, Bahamalar, Kamboca, Ekvador, Küveyt, Montoneqro, Norveç, Fələstin, Serbiya, Cənubi Afrika Respublikası, Sudan və Zambiya. Bu günə qədər ADA Universitetinin Rusiya, ABŞ, Qambiya, Pakistan, Çexiya, Meksika, Argentina, Fici, Tanzaniya, Gürcüstan, Macarıstan, Ukrayna, Kenya kimi ölkələrdə məzunları var.

Qeyd edək ki, ölkə diplomatiyasının bir hissəsi olaraq yüksək akademik göstəriciləri olan və Azərbaycanla diplomatik münasibətləri dövlətin beynəlxalq imici üçün önəmli olan ölkələrin tələbələrinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən xüsusi təqaüdlər verilir. Təqaüdlərin verilməsinin digər məqsədi isə Azərbaycanın və ADA Universitetinin beynəlxalq akademik nüfuzunun formalaşmasına töhfə vermək, eyni zamanda Azərbaycanın mədəniyyətinin, tarixinin təbliğ edilməsinə dəstək verməkdir.

ADA Universitetində təhsil almaq istəyən beynəlxalq tələbələr ADA-nın veb səhifəsindən yaxud Azərbaycanın öz ölkələrindəki səfirlikləri vasitəsi ilə sənədlərini təqdim edə bilərlər.