Uşaq hüquqları üzrə ayrıca Ombudsman institutu yaradılır?!

24 İyun 2014 10:57 (UTC+04:00)

UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Hervard Ombudsmanların XII Bakı Beynəlxalq konfransında çıxışı zamanı Azərbaycanda uşaqlarla bağlı ayrıca Ombudsman institutunun yaradılmasını təklif edib və qurumun buna dəstək verdiyini açıqlayıb. Hervardın sözlərinə görə, ombudsman qadınların, uşaqların müdafiəsində çox böyük rol oynayır, Azərbaycanda uşaqların müdafiəsi sahəsinə xüsusi həssaslıqla yanaşır. 

Movqe.az-a açıqlamalarında hüquqşünaslar bu təklifi dəyərləndiriblər. 

"Müvəkkil" Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirir ki, belə bir ombudsmanlığın yaradılması, Azərbaycanda erkən nikahlardan tutmuş, uşaq əməyinin istismarı, insan alveri kimim problemlərin həllində önəmli rol oynaya bilər:  "Dünyanın bir çox ölkələrində ölkələrdə uşaq hüquqları üzrə, informasiya üzrə, jurnalist hüquqları üzrə ombudsmanlar var. Bizdə informasiya üzrə səlahiyyətlər də ölkəmizdə mövcud yeganə ombudsmana verilib. Amma uşaq hüquqları üzrə ayrıca ombudsman institutunun yaradılması daha yaxşı olardı. Mən belə bir təklifi alqışlayıram.  Baxmayaraq ki, Azərbaycan uşaq hüquqları üzrə əksər beynəlxalq konvensiyalara qoşulub, amma bunlar səmərəli deyil. 

Ombudsman elə səlahiyyətli bir şəxsdir ki, o, heç kimdən asılı deyil. Hər bir məsələ haqda araşdırma aparmaq haqda səlahiyyəti var. Uşaq hüquqları üzrə ayrıca ombudsmanlığın yaradılması Ailə Məcəlləsində nəzərdə tutulduğu kimi 18 yaşdan kiçik şəxslərin ayrı-ayrı problemlərinin həllində mühüm rol oynaya bilər. Məsələn, erkən nikahlar azala bilər, uşaq əməyindən istifadə halları, insan alveri və bu kateqoriyadan olan məsələlərin ciddi şəkildə araşdırılması və həlli sahəsində irəliləyişlır əldə oluna bilər. Düzdür, bu məsələlərlə məşğul olan ayrı-ayrı dövlət qurumlarımız da var. Lakin nəzərə almaq lazımdır ki,  ombusman tərəfsiz statusu olan təsisatdır. Ona görə gözəl olardı ki, uşaq hüquqları üzrə ayrı bir ombudsmanlıq fəaliyyət göstərsin".  

Hüquqşünas Əliməmməd Nuriyev də bu təklifi müsbət qarşılayaraq uşaq hüquqları üzrə ombudsmanlığın yaradılmasının bu sahədə bir sıra problemlərin həllinə müsbət təsir edəcəyini deyir: "Bizdə hazırda mövcud Ombudsman institutu bütün hüquq və azadlıqlar, onların müdafiəsi ilə bağlı məsələlər üzrə məsul olan bir qurumdur. O cümlədən uşaq hüquqlarının müdafiəsi də ombudsmana həvalə edilib. Amma əlbəttə ki, hüquqların geniş miqyasda olması, uşaq hüquqlarının müdafiəsi ilə bağlı fərqli bir yanaşmanın vacibliyi və əhəmiyyətliliyi bu institutun ayrıca qurum kimi fəaliyyət göstərməsini zəruri edən amillərdən biri kimi çıxış edə bilər. Hesab edirəm ki, doğurdan da bu gün Azərbaycanda uşaqların hüquqlarının müdafiə olunmasına yanaşma dəyişilməlidir və daha geniş miqyas  almalıdır. Burda ən mühüm amillərdən biri də uşaq hüquqlarını müdafiə edən Ombudsman institutunun yaradılması ola bilər. İnsan hüquqları  üzrə ombudsman Elmira Süleymanova da  müxtəlif vaxtlarda belə bir institutun yaradılması haqda fikirlər söyləyib. O baxımdan da düşünürəm ki, belə bir Ombudsman institutunun yaradılması pis olmazdı. Bununla uşaq hüquqlarının pozulması ilə bağlı məsələlərin həllinə daha dəqiq, daha hərtərəfli yardım göstərilə bilər". 

Azərbaycanda uşaq hüquqları üzrə ombudsmanın yaradılması ideyası 2005-ci ildə meydana çıxıb. Həmin il bu təklifi Uşaq Hüquqları üzrə QHT Alyansı irəli sürüb və Alyans bu ideyaya ictimai vəkillik edib. Hesab olunur ki, uşaq ombudsmanın yanaşmaları, istifadə etdiyi metodikalar böyüklərə yanaşmalardan tamamilə fərqli olmalıdır.