Ölkəyə iritutumlu avtobusların gətirilməsindən sonra, şəhərdaxili sərnişindaşımada nəhayət ki, sərnişin sıxlığının azalacağına ümid etsək də, vəziyyət yenədə düzəlmədi. Xətlərə salınan iritutumlu avtobusların sayı az olduğundan, sürücülər əvvəlki qaydada salonu ağzınadək sərnişinlə doldurmamış yerlərindən tərpənmirlər. Bu problemə əsasən Binəqədi qəsəbəsi –Gənclik metrostansiyası, "20" yanvar-Beynəlxalq Avtovağzal arası sərnişin daşıyan avtobuslarda və Biləcəri qəsəbəsi istiqamətində hərəkət edən 202 saylı avtobusda rast gəlinir. Sərnişin sıxlığından istifadə edən sürücülər isə salonda ayaq üstündə icazə verilən normadan dəfələrlə artıq sərnişin götürürlər. Qonşu Rusiyada avtobusda ayaqüstə sərnişin götürmək qadağan olduğu halda, Azərbaycanda sürücülər avtobusun salonunda ayaq üstü sərnişin normasını dəfələrlə aşıqrlar. Bunu Movqe.az-a Respublika Gigiyena Epidemiologiya Mərkəzinin (BŞGEM) Sanitariya, Gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov da təsdiqləyir. Z.Kazımov bizimlə söhbətində bildirdi ki, qaydaya iritutumlularda isə ayaq üstə sərnişin götürülməsi üçün müəyyən norma var:"Əgər iritutumlu avtobusda 37 ədəd oturacaq yeri varsa, salonda 16-17 nəfər ayaq üstə sərnişin gedə bilər. Bu normaya sürücülər mütləq riayət etməlidirlər. Avtobusun salonunu ağzına qədər sərnişinlə doldurub hərəkət etmək qeyri-qanunidir. Salonda sərnişin sıxlığı çox olduqda, hava azalır. Nəzərə almaq lazımdır ki, həmin vəziyyətdə sərnişin 15-20 dəqiqə yol gedəcək. Bu isə onun sağlamlığı üçün təhlükəlidir. Avtobusun salonunda ağır vərəmli xəstə varsa, sağlam insanın yoluxma ehtimalı 70 faizdən çoxdur. Bundan başqa belə şəraitdə qrip xəstəliyinin digər növləri də tez yayılır. Qaydaya əsasən sərnişinlərin arasından 40-50 sm məsafə olmalıdır. Amma təəssüf ki, iritutumlu avtobuslarda bu qaydaya əməl edilmir".
Z.Kazımov avtobusların salonlarının, tutacaqların hər gün xətə çıxmazdan öncə təmizlənməli, dizenfeksiya edilməli olduğunu da bildirdi. GEM rəhbərinin sözlərinə görə, bu işə də ciddi diqqət yetirilməlidir:"Avtobusdan əlində yoluxucu xəstəlik olan insanlar da istifadə edir, sağlamları da. Əgər avtobusdakı tutacaqlar, oturacaqların söykənəcək yerləri dizenfeksiya edilmirsə, sağlam insanın istənilən dəri xəstəliyinə yoluxma ehtimalı var. Əvvəllər bu işlərə rayon GEM-i ciddi nəzarət edirdilər. Hazırda avtobuslarda gigiyenik vəziyyəti Nəqliyyat Müfəttişliyi yoxlayır. Bu qurum xəttə çıxmazdan öncə avtobusların təmizliyinə, salonunda lazımi dizenfeksiya işinin aparılıb-aparılmamasına diqqət yetirməlidir. Eyni zamanda sürücünün salona normadan artıq sərnişin mindirməsinə icazə verməməlidir".
İctimai Nəqliyyatçılar Birliyinin rəhbəri Məzahir Rüstəmov isə sərnişindaşımadakı bu problemlərin aradan götürülməsi və xidmətin yüksək səviyyəyə çatdırılmasında Nəqliyyat Nazirliyinin maraqlı olmadığını söyləyir:"Nəqliyyat Nazirliyi istəsə sərnişin sıxlığını bir neçə günə aradan qaldırar. Bunun üçün elə də ciddi islahat aparmağa ehtiyac yoxdur. Sadəcə olaraq nazirlik xətlərdə müayinə aparmalıdır. Hansı xətdə, hansı saatlarda sərnişin sıxlığı yarandığını ortaya çıxarmalıdır. Daha sonra həmin xətlərə əlavə avtobus buraxmaq və pik vaxtlarında intervalı azaltmaqla problemi aradan qaldırmaq olar. Bu gün şəhərdaxili sərnişindaşımada xidmətin keyfiyyətinin dəfələrlə aşağı olmasına səbəb nazirliyin bu işdə maraqlı olmamasıdır".
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi ilə də əlaqə saxladıq. Amma hər dəfə olduğu kimi, yenədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov xəstə olduğunu söylədi.