Paytaxtdakı gizli fahişəxanalarla bağlı DİN-dən açıqlama
24 İyun 2014 17:05 (UTC+04:00)
Polis vətəndaşların istirahət və əyləncə yerlərinə əsassız müdaxilə
etmir və etmək səlahiyyəti də yoxdur"
Bunu aktual.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis
müavini Ehsan Zahidov deyib.
E.Zahidov bildirib ki, polis məsələni həmin əxlaqsız yuvalardan
konkret vətəndaş şikayətləri əsasında araşdıra bilər:
"İndiyə kimi belə obyektlərdən polisə hər hansı şikayət xarakterli
müraciət daxil olmayıb. Şikayət olarsa, əlbəttə, polis gedib
araşdırma apara bilər. Yenə qeyd edirəm ki, hər hansı bir
zərərçəkmişin müraciəti yoxdursa, polisin əsassız müdaxilə etmək
səlahiyyəti də yoxdur".
Rəis müavini qeyd edib ki, mətbuatda belə xəbərlərin yayılması
oranın əxlaqsızlıq yuvası olması demək deyil:
"Sayt yazırsa, bu, o demək deyil ki, orada insan alveri ilə məşğul
olurlar. Amma bütün bunlara baxmayaraq, mətbuatda gedən bu səpkili
məlumatlar nəzərə alınır".
Xatırladaq ki, aznews.az saytının əməkdaşları paytaxtda "Sabina" və
"Relax" adlı "Masaj salonu" kimi fəaliyyət göstərən əxlaqsızlıq
yuvalarındakı mənzərələri lentə alaraq ictimaiyyətə təqdim
edib.