Daha 21 ailəyə ev verildi (FOTO)

24 İyun 2014 17:20 (UTC+04:00)

Prezident İlham Əliyevin 20 iyun 2014-cü il tarixli sərəncamının icrasına başlanıldı

Qax rayonunda 21 əlil və şəhid ailəsi yeni mənzillərlə təmin edilib. 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Nazirlik Qax rayonunda inşa etdirilərək ötən ilin oktyabrında yarımçıq istifadəyə verilmiş 4 mərtəbəli 36 mənzilli yaşayış binasında boş qalmış 21 ədəd mənzildə təmir işlərini yekunlaşdıraraq müharibə əlillərinə və şəhid ailələrinə təqdim edib.


İndiyədək artıq 4300-ə yaxın mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib. 


Bu il də Beyləqan, İmişli, Goranboy və Tərtər rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evləri də bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək.