Azərbaycanda institut direktoru işdən qovuldu
24 İyun 2014 18:51 (UTC+04:00)
Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun
direktoru Məmməd Balakişiyev vəzifəsindən azad edilib.
ANS PRESS-in bölgə müxbirinin
məlumatına görə, kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə
2004-cü ildən elmi tədqiqat institutuna rəhbərlik edən Məmməd
Balakişiyev institutun direktoru vəzifəsindən azad edilib. Onun
səlahiyyətləri müvəqqəti olaraq direktor müavini Fizuli Mirzəyevə
həvalə edilib. Qeyd edək ki, Kənd
Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun
vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsindən ayrılmış
vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol
vermələri barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində
araşdırılıb. Araşdırmalar zamanı
institutun vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərini
aşdığı və külli miqdarda dövlət vəsaitinin mənimsədiyi məlum
olub. Faktla bağlı Cinayət
Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi
ilə cinayət işi başlanıb, araşdırma aparılır.