İnsanlar yaşlandıqca daha çox baxıma ehtiyacları olur. Sağlamlıqla bağlı problemlər çoxaldığından, xərclər də paralel olaraq artır. Valideyn ya övladın baxımına ehtiyac duyur, ya da dövlətin qayğısına. Hamının bəxti də övlad cəhətdən gətirmir, əlbəttə. Artan xərcləri, ehtiyacları nəzərə alaraq bir çox dünya ölkələrində 80 yaşdan yuxarı şəxslərə verilən pensiya 30% artırılır. Bu təcrübədən qonşu Rusiyada da istifadə olunur. Belə bir addımın Azərbaycanda atılması, daha yaşlı təbəqə üçün daha çox pensiya verilməsi onların həyat şəraitin yaxşılaşdırılması üçün şübhəsiz ki, uğurlu addım olardı.
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin sədri Vüqar Bayramov Movqe.az-a açıqlamasında məsələ ilə
bağlı bildirib: "Bir çox ölkələrdə bu təcrübənin tətbiq olunmasında
məqsəd əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını
təmin etməkdir. Nəzərə alaq ki, yaşı 80-i keçən vətəndaşların
xərcləri daha çox olur. Bu, onların səhiyyə xərclərinin artması ilə
əlaqədardır, insanlar yaşlaşdıqdan sonra sağlamlıqlarına daha çox
pul xərcləməli olurlar, ona görə də həmin vətəndaşların pensiya
məbləğinin artırılması məqsəduyğundur. Bu, birmənalı şəkildə imkan
verir ki, onlar xərclərini müəyyən qədər kompensasiya edə bilsin.
Azərbaycanda da oxşar təcrübənin tətbiqinə ehtiyac var. Çünki bu
imkan verəcək ki, daha yaşlı vətəndaşlarımızın sosial vəziyyətini
bir qədər də yaxşılaşdırmaq mümkün olsun. Bununla
vətəndaşlarımız sosial təminat sistemindən daha yaxşı yararlana
biləcəklər. Ona görə biz də pensiya məbləğinin proporsional şəkildə
vətəndaşların yaşına uyğun olaraq artırılması təklif edirik.
Təklifimiz budur ki, 70 yaşdan sonra ümumi pensiya məbləğinin
20%-i həcmində əlavələr olsun, 75 yaşdan sonra bu rəqəm 30%-ə
çatdırılsın. 80 yaşdan sonra isə 40% əlavə olunsun. Bu, daha yaşlı
vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırımasına xidmət
edəcək. Belə ki, onlar artan pensiya məbləğləri ilə həm səhiyyə,
həm də digər problemlərini həll edə bilərlər".
Milli Məclisin deputatı Əli Məsimli
də bunu humansit bir addım kimi qiymətləndirir. Deputat Movqe.az-a
açıqlamasında bildirib: "Hesablamaq olar ki, təqaüdçülərin arasında
80 yaşı ötənlərin sayı nə qədərdir. Onların aldığı pensiya nə
qədərdir, o kütlənin ümumi saya nisbəti necədir. Ondan sonra
müəyyən artımlar eləmək olar. Hesab edirəm ki, bu, çox humanist bir
addım olardı".
Xatırladaq ki, Milli Məclisin sosial siyasət komitəsinin üzvü, millət vəkili Elmira Axundova bu məsələ ilə bağlı bir neçə dəfə parlamentə müraciət edib: "Pensiyaçılar sağlam və gənc adamlardan daha çox ehtiyacı olan insanlardır. Onların pensiyalarının böyük hissəsi dava-dərmana gedir. Ona görə də, xahiş etdim ki, bu məsələni nəzərdən keçirsinlər. 75-80 yaş həddini aşan insanlara dərmanların dövlət tərəfindən pulsuz verilməsi də vacibdir. Belə təcrübə çoxdandır ki, bir sıra inkişaf etmiş dövlətlərdə mövcuddur". Millət vəkilinin yaşı 75-80-i keçmiş ahıl müəllim və həkimlərin pensiya təminatının yaxşılaşdırılması ilə bağlı da təklifləri var: "Təhsil müəssisələrində ən azı 45-50 il iş stajı olan həmin ahıl şəxslərin təqaüdünün yeni qaydalarla hesablanması bu qrup şəxslərə sosial problemlərin həllində böyük kömək edərdi. Bu qaydaları 75 yaşdan yuxarı olan və ən azı 45-50 il iş stajına malik olan həkimlərə də şamil etmək olar".