DSMF qalib jurnalistləri mükafatlandırdı

25 İyun 2014 15:47 (UTC+04:00)

İyunun 25-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda kütləvi informasiya vasitələri üçün "Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" mövzusunda elan edilən müsabiqənin nəticələrinin acıqlanması münasibətilə tədbir keçirilib.Movqe.az xəbər verir ki, tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keşirilən müsabiqəyə həm televiziyalar, həm də qəzet və xəbər portalları böyük maraq nümayiş etdiriblər. Müsabiqəyə 1 aprel 2014-cü il tarixdən 1 iyun 2014-cü il tarixə kimi mətbuatda və saytlarda dərc olunmuş sığorta-pensiya sistemində elektron xidmətlərin əhəmiyyəti, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunması baxımından vacibliyi, DSMF-nin elektron xidmətlərin keyfiyyətinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, əhalinin məlumatlandırılması sahəsində gördüyü işlər, DSMF-nin yeni elektron xidmətlərinin tətbiqi və bu kimi digər mövzularda məsələlərin əksini tapdığı analitik məqalələr və televiziyada göstərilmiş telesüjetlər təqdim edilib.

Müsabiqənin yekunlarına əsasən, "Yeni Azərbaycan" qəzetinin müxbiri Nardar Bayramlı, "Olaylar" İnformasiya Agentliyinin müxbiri Aygün İbrahimli, "Avrasiya.net" Xəbər Portalının baş direktoru Cavid Şahverdiyev, "Azadinform.az" İnformasiya Agentliyinin müxbiri Adəm Abbaslı, "Novosti.az" Xəbər Portalının şöbə müdiri Nərminə Əli ,"Palitranews.az" saytının şöbə müdiri İlkin Ağayev, Samir Paşayev ("Trend" İnformasiya Agentliyinin saytındakı məqaləsinə görə), "Xalq cəbhəsi" qəzetinin müxbiri Ülviyyə Tahirqızı, "Mövqe" qəzetinin müxbiri Zülfiyyə Quliyeva, "Bakupost.az" Xəbər Portalının müxbiri Fərəh Sabirqızı, "Səs" qəzetinin şöbə müdiri Rəfiqə Hüseynova, "Publika.az" Xəbər Portalının müxbiri Gülxar Şərif, "Azərbaycan Dövlət Teleqraf Agentliyi"nin (AzərTac) müxbiri Raisa Abbasova, "İki sahil" qəzetinin şöbə müdiri Zahid Rza, "Teleqraf.com" İnformasiya Agentliyinin redaktoru Ruslan Xəlil "Ən yaxşı məqalələr" nominasiyası üzrə fərqləndiklərinə görə diplom və həvəsləndirici mükafata layiq görülüblər.

Müsabiqənin nəticələrinə görə, "Ən yaxşı məqalələr" nominasiyası üzrə 1-ci yeri "Azərbaycan" qəzetinin müxbiri Rəşad Baxşəliyev, 2-ci yeri "Lent.az" İnformasiya Agentliyinin redaktoru Kəmalə Quliyeva və Samir Mustafayev ("525-ci qəzet"dəki məqaləsinə görə), 3-cü yeri isə "Paralel" qəzetinin baş redaktor müavini Akif Nəsirli, "Həftə içi" qəzetinin redaktoru Elxan Salahov və "Üç nöqtə" qəzetinin müxbiri Xalid Vahidoğlu tutublar.

Müsabiqə dövründə televiziya kanallarında verilmiş "Ən yaxşı telesüjetlər" nominasiyası üzrə 1-ci yerə "İctimai" Televiziyanın aparıcısı Jalə Sabirqızı, 2-ci yerə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin müxbiri Əli Rzayev və "Lider" televiziyasının müxbiri Rasim Şərifov, 3-cü yerə isə "Space" Müstəqil Televiziya və Radio Şirkətinin redaktoru Bəturə Nəbiyeva və "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin redaktoru Elnur Quliyev layiq görülüblər.

DSMF-nin sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib. E. Mehdiyev vurğulayıb ki, Fond sığorta – pensiya sahəsində görülən işlərlə bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verir və bu baxımdan gələcəkdə kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə istifadə olunacaqdır.