Azercell-in əməkdaşı Azərbaycanda ilk dəfə olaraq beynəlxalq Oracle sertifikatı alıb
25 İyun 2014 17:50 (UTC+04:00)
Azərbaycan mobil rabitə bazarının lideri
Azercell Telekom uzun illərdir ki, ölkəmizdə beynəlxalq səviyyəli
peşəkar kadrların yetişməsinə şərait yaradıb.
Azercell-də çalışan gənclər
müxtəlif sahələrdə beynəlxalq səviyyədə öz peşəkar fəaliyyətinə,
ölkələrinə gətirdikləri yeniliklərə görə tanınır. Bu sahədə
şirkətin növbəti müvəffəqiyyəti isə İnformasiya Kommunikasiya
departamentinin əməkdaşı Vüsal Xəlilovun Azərbaycanda ilk dəfə
olaraq Proqram Təminatının Memarlığı üzrə Oracle sertifikatının
əldə etməsi oldu. Vüsal Xəlilov Oracle-in Java Enterprise Edition
texnologiyası üzrə ən yüksək səviyyəli "Oracle Certified Master"
(OCM) sertifikatına layiq görülüb. Azərbaycandan indiyə qədər
Oracle bazası üzrə OCM statusu olan mütəxəssislər olsa da, Java
proqram təminatı üzrə Vüsal Xəlilovun əldə etdiyi sertifikat
ölkəmizdə ilkdir. Vüsal çox yüksək sayılan 92% göstərici ilə bu
sertifikata layiq görülüb. Məlumat üçün bildirək ki, Oracle şirkəti
öz məhsulları üzrə (Oracle Verilənlər Bazası, Java, Solaris və s.)
sertifikatları daha geniş spekterli proqram tərtibatı ilə məşğul
olan, nəhəng sistemlərin arxitekturasının qurulması üçün lazımi
bilikləri olan şəxslərə göstərdikləri imtahan nəticələrinə və
fəaliyyətlərinə əsasən təqdim edir.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Vüsal Xəlilov
Bakı Dövlət Universitetinin İnformatika ixtisası üzrə magistr
dərəcəsinə malikdir. Artıq 3 ildir ki, o, Azercell-də müştərilər
üçün onlayn xidmətlərin inkişafı ilə bağlı layihələrin həyata
keçirilməsi ilə məşğul olur. Azercell Telekom bundan sonra da
istər informasiya texnologiyaları, istər sahibkarlıq, istərsə də
digər sahələrdə ölkəmizdə yüksək ixtisaslı kadrların yetişməsinə öz
dəstəyini göstərməkdə davam edəcək.