Bakıda müəmmalı intihar: yüksək rütbəli polisin qardaşı özünü asdı

26 İyun 2014 16:00 (UTC+04:00)
Bakıda Xəzər rayonu ərazisində intihar hadisəsi qeydə alınıb. Vesti.az-ın məlumatına görə, Türkan qəsəbəsində dəniz kənarındakı kölgəlikdən asılı vəziyyətdə kişi meyiti tapılıb. İntihar edən şəxs Sabunçu rayon sakini 1963-cü ildə anadan olmuş Orucov Camal Rəhim oğludur. Araşdırmalar zamanı məlum olub ki, mərhum Nərimanov rayon polis rəisinin keçmiş müavini Mətləb Orucovun qardaşıdır. Mətləb Orucov hazırda təqaüddədir. Bildirilir ki, Camal Orucov çimərliyə intihar etməmişdən iki saat əvvəl özünün "Toyota Prado"su ilə gəlib. O, özünə çimərlik geyimi aldıqdan sonra iki saata yaxın sahildə gəzib. Qaranlığın düşməsini gözəyən və ərazidə heç kəsin qalmadığından əmin olan şəxs özünü asıb. Kölgəlik alçaq olduğundan o, ayaqlarının yerə dəyməməsi üçün onları qatlayıb. Özünüqəsdin səbəbləri hələ ki, bəlli deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik bunu intihar edən şəxsin psixoloji vəziyyətinin yaxşı olmaması ilə əlaqələndirilər. Xatırladaq ki, özünü asan Camal Orucovun maddi imkanı, ailədaxili münasibətləri, cəmiyyətdəki mövqeyi yüksək səviyyədə olub.