"Orta məktəblərdə 3 mindən çox müəllimə ehtiyac var"

5 İyul 2012 09:00 (UTC+04:00)

"Azərbaycanın orta məktəblərində 3 mindən çox müəllimə ehtiyac var. Onların 90 faizi rayon məktəblərinin payına düşür". Bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Nazirin sözlərinə görə, ölkədə ən çox coğrafiya müəllimlərinə ehtiyac duyulur: "Artıq növbəti tədris ili üçün müəllimlərin işə qəbulu məqsədilə sənəd qəbuluna başlanılıb. Müəllimlərin işə qəbulu elan edilmiş qaydalara əsasən, həyata keçiriləcək".

Nazir bu yaxınlarda İtaliya, Litvaya etdiyi səfəri barədə də məlumat verib. M. Mərdanov deyib ki, səfərinin məqsədi həmin ölkələrin təhsil sistemi, orada həyata keçirilən islahatlarla tanış olmaq, əlaqələri genişləndirmək və həmin ölkədə təhsil sahəsindəki nailiyyətlərini Azərbaycanın təhsil sistemində tətbiq etmək olub: "İtaliya, Litvada, ümumiyyətlə, Avropa Birliyinə üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Bu vəsaitlər Azərbaycanla müqayisə oluna bilməz".

Misir Mərdanov deyib ki, növbəti tədris ili üçün Azərbaycanın orta məktəblərində vakant müəllim yerlərinə işə qəbul birmərhələli həyata keçiriləcək.

Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbulu üçün əlavə yerləşdirmə aparılmayacaq.

"Yerləşdirmə birdəfəlik aparılacaq. Çalışacağıq ki, bu işi birdəfəlik başa çatdıraq. Ötən il təkrar yerləşdirmə apardıq, əlavə söz-söhbətlər yarandı. Belə söz-söhbətləri yersiz hesab edirəm və onların olmasını istəmirəm", - nazir deyib.

Mərdanov bildirib ki, orta biliyi və bacarığı olan müəllimlər bu imtahanlarda uğur qazanaraq işə qəbul oluna bilərlər.

Onun sözlərinə görə, ötən illərdə olduğu kimi, bu il də imtiyazlı ucqar kənd yerlərindəki vakant müəllim yerlərinə işə qəbul üçün tələb olunan minimal bal Bakı ilə müqayisədə aşağı olacaq.

Nazirin sözlərinə görə, hazırda xaricdə 10 mindən çox azərbaycanlı tələbə təhsil alır.O deyib ki, dövlət xətti ilə 1600 tələbə xaricdə təhsil alır. Dövlət onların bütün təhsil, kitab, yol və digər xərclərini ödəyir. Azərbaycanlı tələbələr daha çox Türkiyə, Rusiya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa və digər ölkələrin universitetlərində təhsil alırlar. Azərbaycanlı tələbələrin təhsil aldıqları ixtisaslardan danışan nazir söyləyib ki, bunlar əsasən tibb, İnformasiya Kommunikasiya Texnologiyaları və iqtisadiyyat üzrədir.

Misir Mərdanov bildirib ki, son illər Azərbaycanda təhsil alan xarici tələbələrin sayı azalır. Onun sözlərinə görə, bunun əsas səbəbi tələbə yataqxanaları ilə bağlı olan problemlərdir: "Ancaq yaxın zamanlarda BDU yataqxana kompleksinin tikilməsi planlaşdrılır və bununla əlaqədar olaraq dövlət başçısı vəsaitin ayrılması barədə göstəriş verib. Bununla yanaşı, Gəncədə üç universitet üçün yataqxananın tikilməsi də planlaşdırılır. Ümid edirik ki, bundan sonra Azərbaycanda tələbələrin sayı mühüm dərəcədə artacaq".