KİVDF media ilə bağlı layihələr elan etdi

27 İyun 2014 17:59 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu " Azərbaycan media məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması"mövzusunda müsabiqə elan edir.  Movqe.az xəbər verir ki, müsabiqə fondu 60 000 (altmış min) manat təşkil edir və 3 istiqamət üzrə həyata keçirilir:

1 Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması - 20.000 AZN

2 Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması - 20.000 AZN

3 Jurnalist peşəkarlığının artırılması - 20.000 AZN

Müsabiqədə iştirak

Layihə müsabiqəsində dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı 1 illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları iştirak edə bilərlər.

Layihələrin qiymətləndirilməsi

Layihələrin qiymətləndirilməsi üçün aşağıdakı meyarlar əsas götürülür:

- layihənin məqsədinin aydınlığı və konkretliyi;

- layihənin fəaliyyət planının inandırıcı olması;

- layihənin büdcəsinin reallığı;

- ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu;

- layihə təqdim etmiş jurnalist təşkilatının KİV-lərlə iş təcrübəsinə malik olması;

- layihə təqdim etmiş jurnalist təşkilatının Bakı şəhərində normal iş şəraitinə malik ofisinin olması

Hər qurum yalnız bir layihə təqdim edə bilər.

Müsabiqəyə sənədlərin qəbulu 27 iyun 2014-cü il tarixində başlayır və 07 iyul 2014-cü il tarixlərində başa çatır. Layihənin müddəti 5 ay nəzərdə tutulub

Sənədlər rəsmi iş günləri saat10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində qəbul edilir.

Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap və elektron variantda (diskdə, Times New Roman şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.

Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.