Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, yay fəslinin gəlişi ilə
əhalidə sərinləşdirici sulara olan tələbat artır. Problem isə
ondadır ki, paytaxt mağazalarında insan sağlamlığına ziyan ola
biləcək saxta sərinləşdirici içkilər satışa çıxarılır.
Şəhər sakinləri bu problemin onları getdikcə daha çox narahat
etdiyini deyir. Onların sözlərinə görə, suyu alırlar, istifadə
edirlər, xoşlarına gəlməyəndə atırlar. Bəziləri isə deyir ki,
keyfiyyətinə inanmırıq, bunun üçün də ancaq təbii qazsız su
alırıq.
Paytaxtın bir çox topdan və pərakəndə satış dükanlarında
apardığımız müşahidələr göstərdi ki, sakinlərin narahatlığı əsassız
deyil. Bəzi mağazalarda mənşəyi və mənbəyi bilinməyən sular
satılır. Müxtəlif adlar altında plastik qablara doldurulan qazlı və
qazsız suları alan bəzi alıcılar isə heç nəyin fərqinə varmır.
Satıcılar bu məhsulların təhlükəli olması ilə razılaşır. Amma saxta
məhsulların bazardan çıxarılmasına qarşı məşhur firmaların
özlərinin də mübarizə apardığı qənaətindədirlər.
Satış müdiri Seymur Əlizadə deyir ki firmaların özləri baxır və
müəyyən eləyir. Dükan sahibləri də problem olmasın deyə, yaxın
buraxmır.
Reallıq isə odur ki, belə məhsullar satışda var və hətta onların
saxlanması zamanı da problemlər müşahidə olunur. Mağazalardakı bəzi
sular vaxtında soyuduculara yüklənməyərək günəş şüasının altında
qalır. Bu zaman isə sərinləşdirici sular insan orqanizmi üçün əsl
təhlükə mənbəyinə çevrilir.
Satıcı Həsən Quliyev bildirib ki, suyu isti də, soyuq da istəyən
var, sular gün dəyməsə, keyfiyyətini itirmir".
Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov
bildirir ki, bu gün Azərbaycan bazarında su istehsalına nəzarət çox
zəifdir. Ekspertin fikrincə, Bakı şəhərində sərinləşdirici
içkilərin və suların çoxu yoxlanılmadan satılır. Bakı şəhərində
satılan suların 50-60 faizi, restoranlarda verilən su və şirələrin
90 faizinin mənbəyi məlum deyil. Belə sular, xüsusən Abşeron
rayonunda gizli sexlərdə istehsal olunur. Ekspert problemin çıxış
yolunu nəzarəti gücləndirməkdə və bu sahədəki qanunsuzluq aşkar
edildikdə cərimələrin çoxaldılmasında görür. "Cərimələrin məbləği
olduqca aşağıdır. Cərimə 300-400 manatdan 5000 manata
qaldırlmalıdır. Bu zaman biz xarab olmuş ərzaq yox, normalara cavab
verən ərzaq alacağıq".
Dövlət qurumları isə səslənən ittihamları qəbul etmir.
İqtisadiyyat və Sənaye Nazirliyinin xidmət rəisi Zahid İsayev
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti tərəfindən daima bu problemin nəzarətdə olduğunu
bildirib. Onun sözlərinə görə, əvvəlki illərlə müqaisədə saxta
məhsulların bazara çıxarılması halları azalıb. "Yay mövsümü başa
çatana qədər mütəmadi nəzarət tədbirləri həyata keçiriləcək.
Hələlik keçirilən monitorinqlərdə ciddi qanun pozuntuları ilə
qarşılaşmamışıq. Sərinləşdirici içkilərdən nümunələr eyni qayda ilə
götürülmür. Hər bir içkinin xüsusiyyətinə görə yoxlamalar
aparılır".
Bu problem Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi tərəfindən də ciddi yoxlanılır. Komitənin mətbuat
xidmətinin rəhbəri Fazil Talıblının dediyinə görə, problem
aşkarlanan müəssisələrin fəaliyyəti birmənalı olaraq
dayandırılacaq. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qüsurlara
yol verən müəssisələr barədə cərimələr tətbiq olunacaq.
Sərinləşdirici içkilər qəbul edərkən onların mənşəyinə və
keyfiyyətinə fikir verin. Bu, həm sizin özünüz, həm də gələcək
nəsillər üçün faydalıdır.