Avropa çempionatında daha 5 final
29 İyun 2014 14:05 (UTC+04:00)
Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək
kayakçılar və kanoeçilər arasında keçirilən Avropa çempionatında
Azərbaycan milli komandası uğurlu çıxışını ötən gün də davam
etdirib.
Movqe.az xəbər verir ki , Azərbaycan Milli Avarçəkmə
Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,
təmsilçilərimiz 5 yürüşdə əsas finala yüksəliblər.
Daha öncə 23 yaşadək kanoeçilər arasında 2 nəfərlik qayıqla (C-2)
1000 metr məsafəyə yürüşdə Taras Matviyçuk - Aleksey Kupin dueti
bürünc medal qazanmışdı. Bu dəfə həmin duet 500 metr məsafəyə
yürüşdə əsas finala yüksəlib.
Duetimiz seçmə yürüşdə finişə 1 dəqiqə 47,716 saniyəyə hamıdan tez
çatıb və birbaşa həlledici yürüşdə iştirak hüququna yiyələnib.
Həmin yürüş iyunun 29-da Bakı vaxtı ilə saat 16:20-də
başlanacaq.
Yeniyetmələr arasında 1 nəfərlik qayıqla (C-1) çıxış edən Mikita
Sablin də 2 məsafədə əsas finala yüksəlib. Sablin 500 metr məsafəyə
seçmə yürüşdə 1 dəqiqə 56 saniyə, yarımfinalda 2 dəqiqə 268 saniyə
nəticə göstərib. Hər iki halda Sablin 2-ci yeri tutaraq, həlledici
yürüşə vəsiqə qazanıb. Kanoeçimiz 200 metr məsafəyə yürüşdə isə
seçmə mərhələdə 43,880 saniyə nəticə ilə 3-cü, yarımfinalda 42,500
saniyə göstərici ilə 2-ci olaraq, finala çıxıb. Sablin bu
məsafələrə final yürüşünə bu gün saat 12:43-də və saat 18:20-də
çıxacaq.
23 yaşadək kanoeçilərin mübarizəsində Anatoli Melnik 1 nəfərlik
qayıqla (C-1) 500 metr məsafəyə seçmə yürüşü 1 dəqiqə 59,080
saniyəyə 4-cü, yarımfinalda 1 dəqiqə 56,924 saniyəyə 1-ci yerdə
başa vuraraq, əsas finala yüksəlib.
Həlledici yürüş bu gün saat 15:18-də başlanacaq. Nəhayət, 23
yaşadək kayakçıların mübarizəsində 1 nəfərlik qayıqla (K-1) 500
metr məsafəyə yürüşdə Mirnazim Cavadov uğurla çıxış edərək, adını
finalçılar sırasına yazdırıb. Cavadov seçmə yürüşdə 1 dəqiqə 46,856
saniyə nəticə ilə 4-cü olub. Yarımfinalda isə o, finişə 1 dəqiqə
46,096 saniyəyə 3-cü çatıb. Məhz ilk "3-lüy"ə düşdüyündən,
kayakçımız həlledici yürüşdə iştirak hüququna yiyələnib. Bu yürüş
iyunun 29-da saat 15:36-da başlanacaq.
Digər yürüşlərə gəldikdə, yeniyetmələr arasında Aleksey Solovey -
Amil Hüseynli dueti 2 nəfərlik qayıqla (K-2) 500 metr, Amil
Hüseynli 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr, Mirnazim
Cavadov 23 yaşadək kayakçılar arasında 1 nəfərlik qayıqla 200 metr
məsafəyə B finalında (10 - 18-ci yerlər) çıxış edəcəklər.