3 rayon geri qaytarılır
29 İyun 2014 18:09 (UTC+04:00)
"Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam, Füzuli
və Cəbrayıl rayonları geri qaytarılır".
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda ehtiyatda
olan polkovnik-leytenant, hərbi jurnalist Üzeyir Cəfərov xəbər
yayıb.
Onun sözlərinə görə, üç rayonun qaytarılması qarşılığında
Azərbaycan Avrasiya İttifaqına daxil olacaq.
"Təbii ki, bu, hələlik iddia olaraq qalır, ancaq alınan xəbərə
görə, Ermənistan bu haqda öz razılığını verib. Bu razılığın
alınmasında Rusiyanın böyük rolu olduğu bildirilir. İndi rəsmi
Bakının "bu oyuna" başlayacağı hələ sual altındadır, çünki
Rusiyanın məqsədi öz sülhməramlı qüvvələrini 2015-ci ildə
Azərbaycana yerləşdirməkdir, bu isə müstəqilliyin itirilməsinə
doğru gedən addımdır. Sızan məlumata görə, digər işğal edilən
rayonların qaytarılması məsələsi sülməramlı qüvvələrin gəlişindən
sonra baş tuta bilər", - deyə hərbi ekspert bildirib.