"Azərbaycanın mövqeyini daim dəstəkləyirik" (FOTO)
29 İyun 2014 19:35 (UTC+04:00)
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev Səudiyyə
Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri
ilə görüşüb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı
Şura Məclisinin binasında keçirilmiş görüş dostluq qrupunun sədri
Abdulla Al Nasirin təşəbbüsü ilə baş tutub.
Abdulla Al Nasir bu ayın əvvəllərində onun başçılıq etdiyi
nümayəndə heyətinin Azərbaycan-Səudiyyə Ərəbistanı
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəttah
Heydərovun dəvəti ilə ölkəmizdə səfərdə olduğunu xatırladıb. O,
səfərin yüksək səviyyədə keçdiyini, ölkəmizdə gedən inkişafın və
xalqımızın qonaqpərvərliyinin şahidi olduqlarını vurğulayıb.
Dostluq qrupunun sədri ölkələrimiz arasında əlaqələrin əsasının
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə
Ərəbistanına səfəri zamanı qoyulduğunu bildirib. O, ulu öndər
Heydər Əliyevin Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin
inkişafı ilə bağlı siyasətinin hazırda Prezident İlham Əliyev
tərəfindən davam etdirildiyini söyləyib.
Abdulla Al Nasir Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini
tanıyan və ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edilməsini pisləyən ilk dövlətlərdən
biri olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Səudiyyə
Ərəbistanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı
mövqeyini daim dəstəkləyib və dəstəkləyəcək.
Çıxış edən dostluq qrupunun üzvləri Azərbaycana səfərdən və
keçirilən yüksək səviyyəli görüşlərdən razı qaldıqlarını
bildiriblər. Onlar ölkələrimiz arasında turistlərin qarşılıqlı
səfərlərinin artırılması üçün sadələşdirilmiş viza rejiminə
keçilməsinin zəruriliyini vurğulayıblar.
Səfir Rasim Rzayev dərin tarixi köklərə əsaslanan
Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin sürətlə inkişaf
etdiyini deyib. Diplomat parlamentlərarası dostluq qrupunun
Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin
möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
R.Rzayev görüşdə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı
barədə ətraflı məlumat verib. O, Səudiyyə Ərəbistanının beynəlxalq
təşkilatlarda münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini
dəstəkləməsini yüksək qiymətləndirib.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə
əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüş barədə məlumat Səudiyyə Ərəbistanının kütləvi informasiya
vasitələrində yayılıb.