Azərbaycanda universitetinin prorektoru dəyişdi

30 İyun 2014 17:34 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Elmi Şurasının 2013/2014-cü tədris ili üçün sonuncu iclası keçirilib. ADİU-nun mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, iclas universitetin beynəlxalq fəaliyyətinin müzakirəsi ilə başlayıb. ADİU-nun beynəlxalq əlaqələrinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Universitetin rektoru, professor Ədalət Muradov universitetin prioritetlərini açıqlayıb. Bildirib ki, ADİU-nun ali məktəblərin nüfuzlu beynəlxalq reytinq cədvəllərində yer alması, təhsillə bağlı beynəlxalq layihə və qrantların cəlb edilməsi, müəllimlərin xarici dil biliklərinin artırılması və əcnəbi tələbələrin universitetə daha çox cəlb edilməsi ali təhsil ocağının qarşısına qoyduğu hədəflər sırasındadır. Rektor əcnəbi tələbələri universitetə cəlb etmək üçün yeni tədris ilindən təkliflər hazırlanmasını tapşırıb. Sonra 2013/2014-cü tədris ilində ADİU-nun elmi şurasının fəaliyyəti müzakirə olunub və şuranın nəzdində komissiyalar yaranması qərara alınıb. İclasda bildirilib ki, ADİU-nun ümumi işlər üzrə prorektoru Elçin Əliyev bundan sonra "Mülku müdafiə" kafedrasına rəhbərlik edəcək. Bu vəzifəyə isə Əziz Əzizov təyin edilib. Elmi Şura üzvləri universitet "Ağsaqqallar şurası"nın Əsasnaməsini qəbul ediblər. İclasda həmçinin dərs yükünün bölünməsi məsələsi müzakirə olunub. Kafedra müdirlərinə tapşırılıb ki, ictimai fəaliyyəti və ya hər hansı işlərinə görə dərsə gəlməyə imkanı olmayan müəllimlərə dərs yükü nəzərdə tutulmasın.