Xaricdə ilk dəfə olaraq Azərbaycana məxsus Logistika mərkəzi yaradılır

30 İyun 2014 18:16 (UTC+04:00)

Iyun ayının 28-də Qazaxıstanın Aktau şəhərində ilk dəfə olaraq ölkə xaricində inşa ediləcək Azərbaycana məxsus "Azərsun İstehsal və Logistika Mərkəzi"nin təməlqoyma mərasimi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, Qazaxıstanın Manqistau vilayətinin akimi Alik Aydarbayev və "Azərsun Holdinq"in müşahidə şurasının sədri Abdolbari Goozalin iştirakı ilə keçirilib. Təməlqoyma mərasimində çıxış edən nazir Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslandığını,  xalqlarımızı ümumi tarixi köklərin birləşdirdiyini vurğuladı. Daha sonra çıxış edən "Azərsun Holdinq"in müşahidə şurasının sədri Abdolbari Goozal hər kəsi müqəddəs ramazan ayının gəlməsi münasibəti ilə təbrik edib və Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib bu mühüm layihənin icrasının "Azərsun Holdinq" tərəfindən reallaşdırılaşdırılmasını şirkətə göstərilən böyük etimad kimi qiymətləndirib. Abdolbari Goozal logistika sahəsində "Azərsun Holdinq"in böyük təcrübəyə malik olduğunu bildirib və rəhbərlik etdiyi şirkətin Aktauda İstehsal və Logistika Mərkəzinin tikintisi layihəsinin icrasını və mərkəzin idarə edilməsini uğurla həyata keçirəcəyini vurgulayıb. Qazaxıstanın Manqistau vilayətinin akimi Alik Aydarbayev isə çıxışında Aktau İstehsal və Logistika Mərkəzi layihəsinin Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıb. Akim Bakıda olarkən "Azərsun Holdinq"in istehsal müəssisələrində qabaqcıl təcrübə və texnologiyaların tətbiqinin şahidi olduğunu  xatırlayıb, layihənin yüksək səviyyədə icra olunacağına əminliyini bildirib. Təməlqoyma mərasimindən sonra Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida sənayesi, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak etmişdir. Qeyd edək ki, Aktau İstehsal və Logistika Mərkəzi Azərbaycanın ölkədən kənarda ilk logistik mərkəzi olmaqla, sahibkarlar üçün yeni ixrac imkanları yaradacaq və onlara öz məhsullarını Orta Asiya bazarlarına çıxarmağa yardımçı olacaq.