Qeyri-kafi alanların sayı ciddi narahatlıq doğurur

1 İyul 2014 11:10 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 24-də keçirilmiş buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətlər açıqlanıb. Məlumata görə, 21 min şagirdin imtahanı qeyri-kafi qiymətlə nəticələnib. 

Nəzərə alanda ki, bu imtahanlar ana dili və riyaziyyat kimi baza fənlərdən keçirilir, ildən-ilə artan bu mənfi nəticə göstəriciləri ciddi problem sayılır. Təhsil ekspertləri Mövqe.az saytına açıqlamalarında bu vəziyyətlə bağlı fikrilərini bölüşüblər.

Çox zaman problemin kökündə təhsildəki keyfiyyət məsələsinin dayandığı bildirilir. Lakin təhsil eksperti  Emin Məhərrəmov bununla yanaşı, ictimai münasibətin də bu problemin yaranmasında mühüm rol oynadığını düşünür. Ekspert deyir ki, əslində,  2 alan şagirdləri bu statistikası obyektivliyin göstəricisidir: "Təhsildə nə qədər islahat gedəcəksə, o qədər problemlər ortaya çıxacaq. Çünki əvvəllər bu nəticələr üzə çıxarılmırdı. İndi vəziyyət fərqlidir. Bir məsələ var ki, dünyada hamı orta təhsil haqqında sənəd əldə etmir. Əsas məktəbi qurtaran var, ibtidai təhsili bitirən var və s. Bizdə isə təhsilə fərqli münasibət var. Azərbaycanda vacib sayılır ki, uşaq mütləq orta məktəbi də bitirsin, həm də mütləq diplomu olsun. Nəticə olaraq da, görürsən ki, taksi sürücüsü də  hüquqşünasdır, satıcı mühəndisdir və s.".  

Ekspertin sözlərinə görə, əgər məqsəd odursa ki, bizim uşaqlar hamıdan savadlı olsun, onda gərək təhsilə  hamıdan çox sərmayə qoyaq: "Gərək onda bütün cəmiyyət fikrini ona yönəltsin. Amma bizdə münasibət elədir ki, yalnız müəllim cavabdeh sayılır, günahkar hesab olunur. Valideyn pul ödəməklə vəzifəsini bitmiş sayır. Nə uşağın hazırlığına, nə  də təhsilin məzmununa fikir vermir.  Burda psixoloji amildən söhbət gedir. Düzdür, təhsildə də problemlər var.  Amma tək problem bu deyil. Müəllimlərin əmək haqqı bir neçə dəfə artsa, attestasiya aparılsa, savadsız müəllimləri işdən çıxarsalar da, cəmiyyət dəyişməsə, effekti olmayacaq".  

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə məsələnin kökükndə dayanan amil kimi təhsildə mövcud problemləri görür: "Mənfi nəticələrin ilbəil artması onu göstərir ki, bizim orta məktəblərdə təlimin məzmununda, idarəetmə strukturunda,  həm də müəllimlərin hazırlığında problemlər var ki, bu problemlərin aradan qaldırılması çox vacibdir".  Ekspertin sözlərinə görə,  artıq bu məsələlər təhsilin inkişafı strategiyasında öz əksini tapıb. Lakin yaxın gələcək üçün müsbət nəticələr gözləmək mümkün deyil: "Onların artıq yerinə yetirilməsinə başlanılıb. Bu yaxınlarda orta məktəb müəllimlərinin qiymətləndirilməsi bunu əks etdirən bir faktdır. Eyni zamanda dərsliklər üçün yeni Qiymətləndirmə Şurasının yaradılması, müəllim peşə standartlarının hazırlanması üzrə tenderlərin elan edilməsi Təhsil Nazirliyinin bu sahədə olan nöqsanları, qüsurları aradan qaldırmaq üçün atdığı addımlar, həyata keçirdiyi tədbirlərdir. Düşünürəm ki, yaxın gələcək, 2-3 il üçün yüksək nəticələri gözləyə bilmərik. Çünki təhsildə inqilab etmək, birdən-birə dəyişmək, yüksək nəticə əldə etmək qeyri-mümkündür. Bunlar insan şüuru ilə bağlı məsələlərdir ki, bu proseslər də həllini addım-addım getməklə tapa, ancaq uğurlu proqamlar həyata keçirməklə aradan qaldırıla bilər". Orta məktəblərdə təhsil səviyyəsinin aşaği olmasına çox səbəb gətirilir. Amma unutmaq da lazım deyil ki, oxumaq istəyən üçün heç bir səbəb bəhanə ola bilməz.