İqlim şəraiti dam örtüklərinin qurulmasına da təsir göstərir

1 İyul 2014 11:50 (UTC+04:00)

Bir neçə gündür ki, respublika ərazisində davam edən küləkli hava həm regionlarda, həm paytaxt Bakıda törətdiyi fəsadlarla yadda qalmaqdadır. Düzdür, yerlərdə dəyən ziyan yavaş-yavaş aradan qaldırılır. İndilikdə isə qeyd edildiyi kimi, regionlarda, eləcə də paytaxt Bakıda bir sıra evlərin, binaların dam örtükləri ciddi zərər görüb. 

Ekspertlər hesab edirlər ki, bu hallar evlərin dam örtüyü salınarkən iqlim şəraitinin nəzərə alınmamasından dolayı baş verir. Əvvəllər daha davamlı olsun deyə, binaların, evlərin üstü qırla örtülürdü. Bəziləri bunun yenidən həyata keçirilməli olduğunu düşünür. 

Respublikanın əməkdar memarı Feyzulla Quliyev Movqe.az-a açıqlamasında  bildirib ki, bizdə hazırda binalar, evlər tikilərkən bütün amillər nəzərə alınır. Sadəcə, təbii fəlakətlər hər zaman ola, fəsadlar yarada bilər. Bu təbiidir:  "Bu gün təbii fəlakətlər təkcə Azərbaycanda yox, Çində, Amerikada, Türkiyədə, ümumiyyətlə, bütün dünyada baş verir. Bu, təbiətin bir halıdır, Allahın bir işidir. Hər yerdə də olur. Sel gəlir evləri, maşınları, ağacları yuyub aparır, güclü küləklər, fırtınalar olur ki, bu zaman da binalar zədə görür, dam örtükləri sıradan çıxır. Şəhərlər, rayonlar işıqsız qalır və s. Yəni, hər cür fəsad yaşana bilir. Bu, həmişə müşahidə olunub. Bizdə də baş veribsə, hansısa fəsadlara səbəb olubsa, bu, o demək deyil ki, bizdə küləyə qarşı heç bir tədbir görülmür. Hər bina tikilərkən, dam örtüyü salınarkən küləyə uyğun konstruksiya hesablanır. Bakı küləkli şəhərdir. Buna görə də, binalar tikiləndə bu amil mütləq nəzərə alınır. Təsadüfi halda xoşagəlməz hallar yaşana bilər. Bu da onunla bağlıdır ki, Bakıda hələ də köhnə binalar var ki, bəziləri heç yaşayış üçün yararlı deyil. Onlar yoxlanılmalıdır. Belə binalar küləyə qarşı davamlı olmaya bilər. Bu da təbiidir. Tarixi memarlıq binaları da illər ərzində zədə görür, aşınmaya məruz qalır. Buna qarşı gərək daim bərpa işləri görülsün". 

Əməkdar memar Ömər Qoçu yenidən binaların örtüyündə qırdan istifadəni məqsədəuyğun hesab etmir: "Qırdan Abşeron rayonunda tikilən binalarda istifadə olunurdu. Orda ağac materialı olmadığından, insanları damları qırlayırdılar. Lakin bu zaman keçdikcə özünü doğrultmadı. Çünki, hava isti olanda qır əriyir, müəyyən narahatlıqlar yaradır. Amma indiki şəraitdə istifadə məqbul sayılmır. Çünki indi yalnız 1-2 mərtəbəli binalar yox, hündür binalar da tikilir. Deməli, onun örtüyü də müasir görünüşlü olmalıdır. Bunlar həm təbii şəraitə uyğun gəlməlidir, həm də estetikaya. Şəhərin memarlıq görünüşünə xələl gətirməsin deyə, yeni konstruksiyalarda, yeni görkəmli binalara qırla örtüklər yaraşmaz. Ona görə, məsləhət görməzdim ki, qırdan yenidən istifadə olunsun".   

Onu da bildirək ki, Azərbaycan ərazisində iyunun 28-dən başlayaraq, müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 1-dən etibarən  mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, saiyulun 1-i gündüzdən ölkə ərazisində küləyin sürəti zəifləyəcək. Havanın temperaturu da ötən günlərlə müqayisədə yüksələcək. Qeyd edək ki, iyunun 28-dən Azərbaycan ərazisində hava şəraiti dəyişib, güclü külək əsir. Şimal küləyi iyunun 29-u və 30-da daha da şiddətlənib. Bu günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enib.