Hakim danışdı: təxribat xarakterli sual verməyin

1 İyul 2014 14:12 (UTC+04:00)

"Mətbuat nə yazır özü bilər. Bu, onların işidir. Mən mətbuatın işinə qarışmıram".


Bunu Aktual.az-a açıqlamasında Nərimanov rayon Məhkəməsinin hakimi Turqay Hüseynov bildirib.



Məlumat üçün qeyd edək ki, dünən Nərimanov rayon Məhkəməsində müğənni Mətanət İskəndərlinin "Aznews.az" saytının baş redaktoru Elçin Zahiroğlu və əməkdaşı İntiqam Valehoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə bağlı məhkəmə prosesi keçirilib.


Məhkəmədə söz almaq istəyərkən, hakimin kobud rəftarı ilə üzləşən və işin qeyri-obyektiv aparılmasına etiraz olaraq, məhkəmə zalını tərk edən jurnalist Anar Niftəliyev deyib ki, işi aparan hakim Turqay Hüseynov özünü büsbütün şikayətçi tərəfin vəkili kimi aparıb. Jurnalistlərin hüquqlarını qoruyan vəkil Elçin Sadıqov tərəfindən verilən suallar protokola əlavə olunmayıb, hətta, müttəhim qismində məhkəmədə iştirak edən baş redaktor Elçin Zahiroğlunun çıxışı dəfələrlə kəsilib və hakim ona ittiham edən tərəfin verməli olduğu sualları özü, şəxsən, ünvanlayıb.


Haqqında səslənən ittihamlarla razılaşmayan və Aktual.az-ın müxbirini təxribat xarakterli suallar verməkdə ittiham edən Turqay Hüseynov bunları deyib:


"Təbii ki, iş obyektiv, qərəzsiz, ədalətli aparılır və aparılacaq.Yenə deyirəm, o mediadır və media nə yazır, özü bilər. Bundan artıq danışmayacam".



Xatırladaq ki, İskəndərlinin məhkəməyə müraciət etməsinə səbəb "Aznews.az" saytında barəsində gedən yazıdakı "narkoman" ifadəsi ilə bağlıdır.