Azərbaycanda Nizami Gəncəvi adına Qızıl medal təsis edilib

1 İyul 2014 17:19 (UTC+04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"nın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununda dəyişiklik edilməsi barədə qanunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


Movqe.az-ın məlumatına görə, dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" təsis edilib.

 

"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" haqqında Əsasnamə və medalın təsviri təsdiq edilib.

 

Əsasnamədə qeyd olunur ki, "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.

 

Göstərilən xidmətlərinə görə Azərbaycan Respublikasının digər orden və medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif edilə bilməzlər.