ATƏT PA-nın Bakı Qrupu yarandı

1 İyul 2014 21:45 (UTC+04:00)

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyasında Ukrayna-Rusiya münasibətləri müzakirə olunub. ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupu yaradılıb.


ATƏT PA-nın prezidenti Ranko Krikoviç Ukraynadakı vəziyyətin normallaşdırılması üçün rəhbəri olduğu təşkilatın ciddi addımlar atacağını qeyd edib:


"Biz ATƏT olaraq təhlükəsizlik sütunumuz sadiq qalmışıq. Biz Ukrayna-Rusiya münasibətlərinin yaxşılaşması üçün bir çox işlərə imza atmışıq. Şərqi Ukraynadakı vəziyyət hələ də normal deyil. Ukraynanın şərqində aparılan döyüşlər nəticəsində insanlar həlak olub, qaçqınlar və məcburi köçkünlərin sayı artıb. Helsinki qanunları pozulub. Biz təcili qərar qəbul etməliyik. Biz əməkdaşlarımızı da ora göndərəcəyik. Ukraynaya sülh gətirmək məqsədi ATƏT PA çalışacaq". 


Polşalı nümayəndə isə Rusiyanın Ukraynadakı apardığı əməllərin qeyri-qanuni olduğunu və buna qarşı müxtəlif əməliyyatların aparılmasının artıq vaxtının gəlib çatdığını vurğulayıb.


"Ukraynanın şərq hissəsində terrorçular fəaliyyət göstərir. Rusiyanın Ukraynaya hərbi qoşunlar yerləşdirməsi qəbuledilməzdir". 


Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova da Azərbaycanın 22 ildir şikayətinə baxılmadığını vurğulayıb: "Hər kəs Helsinki aktının pozulmasına görə narahatdır. 22 ildir ki, torpaqlarımız işğal edilib. 22 ildir ki, bizim şikayətimizə baxılmır. Ona görə də Avropada yeni konfliktlər yaranıb. Mən Azərbaycanın mövqeyini bəyan etmişəm". 


Bahar Muradova "Bakı qrupu"nun yaradıldığını da qeyd edib. Onun sözlərinə görə, qrupun taleyi Minsk qrupunun taleyinə oxşamamalıdır. "Bu gün burada əsası qoyulan Bakı qrupunun işinə töhvə verməliyik. Biz problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyıq. Tərəflər arasında münaqişəni gərginləşdirməməliyik".