Türk liseylərinin şagirdlərinə 6 min yer ayrılıb

1 İyul 2014 18:44 (UTC+04:00)
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakının ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanıb.  Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva  Movqe.az-a bildirib ki, təmsil etdiyi idarə şagirdlərə Bakıda fəaliyyət göstərən dövlət ümumtəhsil müəssisələrində 6 min yer təqdim edib.  Onun sözlərinə görə, Azərbaycanda 11 lisey var ki, onlardan 3-ü Bakıdadır. Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə 3730 nəfər, Bakı şəhəri üzrə 1600 nəfərdir.  "Bundan başqa valideynlər övladlarının ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə, və ya istədikləri məktəblərə müraciət edə bilər", deyə Arzu Tairquliyeva bildirib.  Onun sözlərinə görə, valideynlərin Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciəti şagirdlərin məktəblərə yerləşdirilməsi prosesi tamamilə başa çatana qədər davam edəcək.