Ramil Usubov cinayətkar qruplardan danışdı

2 İyul 2014 11:22 (UTC+04:00)

Nazir Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramında iştirak edib

"Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 10 ildə orta hesabla 231 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu dövrdə cinayətləin orta illik açılması 90 faiz olub, 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda 37 mindən çox təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 12 mindən artıq odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb". 


Anspress-in məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Üsubov Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramı və 2013-2014-cü tədris ilinin buraxılışına həsr olunmuş tədbirdə deyib.


Ramil Usubov qeyd edib ki, Azərbaycanda ötən 10 ildə axtarışda olan 37 min nəfər tutulub. Nazir onu da əlavə edib ki, profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqa zidd əməllərin 90%-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 % ağır və xüsusilə ağır cinayətlər təşkil edir.


"Məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir. Bütün bunlar ölkədə uğurla gedən qanunçuluq işlərinin, iqtisadi yüksəlişin, əhali və vətəndaş cəmiyyəti institutları ilə səmərəli işgüzar əlaqələrimizin müsbət nəticələridir", - deyə Ramil Usubov bildirib.