6000 abonent başqa mobil operatoru seçib

2 İyul 2014 14:19 (UTC+04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) daşınan mobil nömrələrin sayını açıqlayıb. Movqe.az RYTN-ə istinadla verdiyi məlumata görə, mobil nömrə daşınması xidmətinin fəaliyyətə başlamasından keçən qısa müddət ərzində ümumilikdə 6000-ə qədər mobil nömrə daşınıb. Qeyd edək ki, respublika ərazisində bu ilin fevral ayının 1-dən işə salınan bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır. Xatırladaq ki, xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.