Binaların 90 faizi enerji səmərəliliyinə cavab vermir

2 İyul 2014 14:45 (UTC+04:00)

Bu gün dünyada xüsusi diqqət cəlb  edən məsələlərdən biri enerji səmərəli binaların inşasıdır. Qlobal istiləşmənin getdikcə daha ciddi şəkil aldığı bir şəraitdə ekoloji fəsadların qarşısının alınması baxımından bu məsələ xüsusi önəm daşıyır. Belə ki, müxtəlif enerji vasitələrindən istifadə zamanı atmosferə zərərli qazlar buraxılır ki, bu da  iqlimə mənfi təsir göstərir. Bu istiqamətdə həyata keçirilən preventiv tədbirlərin mahiyyəti sənaye sahələrində yenilənən və daha təmiz istehsal texnologiyalarını tətbiqinə əsaslanırsa, yaşayış və ictimai binalarda enerjidən istifadənin minimuma endirilməsinə yönəlir. 

İri enerji istifadəçiləri olan müəssisələrdən fərqli olaraq, çoxmənzilli bina tikən şirkətlərin, fərdi qaydada inşaat işi aparan vətəndaşların bina və mənzillərdə enerji səmərəliliyindən  effektiv və düzgün istifadə etmələri lazımı səviyyədə deyil. Hesab olunur ki, ölkəmizdə mövcud olan yeni tikililərdə enerji səmərəli şəkildə istifadə olunmur. Tikilməkdə olan binalarda da bu məsələ nəzərə alınmır üstəlik. Bir çox dünya ölkələrində artıq bu məsələyə inzibati müdaxilə olunur. Məsələn, İspaniyada 2007-ci ildən bütün yeni tikilən binalarda ən azı isti su təminatına bəs edəcək qədər gücdə olan Günəş batareyalarının quraşdırılması tələbi qoyulub. Yaponiyada isə 2030-cu ilədək tikiləcək bütün yeni tikililər məcburi qaydada Günəş panellərilə təchiz olunacaqlar. Mövcud təcrübənin Azərbaycanda da tətbiqi təklif olunur.

Enerji məsələləri üzrə ekspert İlham Şaban Movqe.az-a açıqlamasında bildirib ki, bugünkü şəraitdə Azərbaycanda nə şəhərsalmada, nə rayon yerlərində tikilən evlərdə bu xüsusiyyət nəzərə alınır: "Belə bir tələbdən söhbət getmir. Üstəlik bizdə evlərin tikintisi də elə aparılır ki, bunun tətbiqi çətindir. Amma yenə də, nəzərə alınması, məsələyə inzibati müdaxilə olunması məqəsəduyğun olardı". 

"MBA LTD" şirkətinin rəhbəri Nüsrət İbrahimov isə bildirir ki, ilk öncə evlərin tikinti mərhələsində istiliyə, soyuqluğa qarşı materiallardan istifadə tələbini qoymaq lazımdır ki, binalar yayda havanı sərin saxlasın, qışda da isti saxlasın: "Yəni mənzildən çölə istilik çıxmasın. İstiliyin faydalı iş əmsalı yüksək olsun. Ondan sonra, təbii ki, alternativ enerji mənbələrinə müraciət eləmək olar. Bu gün biz 40 mənzilin qızdırılması üçün lazımi normadan bəlkə də iki dəfə artıq kilokalori isti sərf edirik. Amma bu mənzillərin izolyasiya məsələsi yaxşı qoyulsa, həm divarlar, həm qapı-pəncərələr düzgün quraşdırılsa, təbii ki, sərf edilən kilokalorinin də miqdarı aşağı düşər. Ondan sonra isə digər məsələlərə baxmaq olar". 

Təxmini hesablamalara görə, Bakıda çoxmərtəbəli binaların 90 faizi enerji səmərəli deyil. Qeyd edək ki, Avropa Birliyi ölkələrində enerji səmərəli olmayan binaların tikintisinə qadağa qoyulur. Artıq bu istiqamətdə sərt qaydaların tətbiqinə başlanılıb.  Enerji səmərəli dedikdə binaların həm istilik saxlama, həmçinin də, alternativ enerji mənbələrindən yararlana bilmək imkanları başa düşülür. Hazırda ölkəmizdə enerji sistemində yük qrafikinin təhlili göstərir ki, payız-qış aylarında sistemin gündəlik yük qrafikinin pik saatlarında istehlakçılar tərəfindən tələb olunan gücün 30-40 faizi yaşayış və inzibati binaların qızdırılmasına sərf olunur. Məişətdə istifadə olunan enerjinin  əsas hissəsi mənzillərdə normal temperaturun təmin edilməsinə - yayda sərinlətməyə, qışda isə qızdırmağa sərf olunur.