Bakda mənşəyi məlum olmayan 3 ton ət aşkarlanıb

2 İyul 2014 17:52 (UTC+04:00)

"Son bir ayda Bakı şəhəri üzrə 3 tondan artıq mənşəyi bilinməyən ət aşkarlanıb".  Bunu APA TV-yə Bakı şəhər Baş Baytarlıq idarəsinin rəisi Aslan Aslanov bildirib. Onun sözlərinə görə, aşkarlanan mənşəyi bilinməyən ət və ət məhsulları daha çox yol kənarlarında, ət kəsim məntəqələrində və dönərxanalardan müsadirə edilib. Umumilikdə isə Respublika üzrə son bir ayda 7 ton mənşəyi bilinməyən ət aşkarlanıb. 

Yay aylarında havaların istiləşməsini nəzərə alan İdarə ət kəsimi məntəqələrində monitorinqlərə başlayıb. Paytaxtda yerləşən iaşə obyektlərinə xüsusi xəbərdarlıq da edilib ki, mənşəyi bilinməyən məhsulların istifadəsi qadağandır. Əgər bu tip hallar aşkarlansa, həmin obyekt sahibləri cəzalandırılacaq.

Aslan Aslanovun sözlərinə görə, Kənd Təsərrufatı Nazirliyi problemi kökündən həll etmək üçün paytaxtın bir neçə yerində nəhəng ət kombinatlarının tikilməsini planlaşdırır. Həmin ət kombinatlarından biri paytaxtın şimal, digəri isə cənub girişində tikiləcək. Bundan sonra paytaxtda fəaliyyət göstərən bütün ət kəsimi məntəqələri tamamilə ləğv ediləcək. Rayonlardan gətirilən iri və xırdabuynuzlu heyvanlar bu kombinatlara aparılacaq. Kəsilmiş ətlər soyuducu avtomobillərlə paytaxtda fəaliyyət göstərən mağaza və ya marketlərə çatdırılacaq.