Çayın insanın görmə qabiliyyətinə təsiri

2 İyul 2014 19:45 (UTC+04:00)

Çinlilər çayın insanın görmə qabiliyyətinə təsirindən hələ qədim zamanlarda yazıblar, müasir dövrdə bu cür təsir çayın tərkibində olan provitamin A ilə izah edilir. Yaxınlarda bir sıra alimlər çayın allergiyaya qarşı təsiri mövzusunda tədqiqatlar aparıblar, bu tədqiqatların nəticəsində çayın histaminin, yani allergiya simptomlarına cavabdeh maddənin qanda azalmasında rolu olduğu araşdırılıb. Tokio Universitetinin alimləri çayın xolera kimi infeksion xəstəliyinə qarşı və ümumiyyətcə antibakterial təsirə malik olduğunu sübut ediblər.

Çay son dərəcə faydalı və əvəzolunmaz məhsuldu. Əgər XIX -cu əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdü, hazırda sübut edilib ki çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. Buraya efirli yağlar, taninlər, flavonoidlər, alkaloidlər, vitaminlər və sairləri aiddir.

Çay dünyada ən çox içilən içkilər siyahısında, sudan sonra ikincidir. Qədimdə Şərq aləmində çayı içki kimi deyil dərman kimi istifadə ediblər, o vaxtdan bəri dünyanın aparıcı tədqiqatçıları bu maraqlı bitki üzərində elmi araşdırmalar aparır.

Alimlər çayın tərkibindəki flavonoidlərin çayın antioksidant xassələrinin səbəbkarı olmağını bildirir, digər sözlərlə desək flavonoidlər insan hüceyrələrinin oksidləşməsinə yol verməyərək, azad radikalların çoxalmasının qarşısını alır.

Bir sıra çay mütəxəssisləri yaşıl çayın qara çaya nisbətən daha faydalı olduğunu qeyd edir. Yaşıl çay daha az emala məruz qaldığından lazımlı elementləri itirmir və insana çox xeyir verir. Lakin Azərbaycan və bütün postsovet (Orta Asiyanı və bir sıra regionları çıxmaq şərtilə) məkanında əsasən qara çaydan istifadə olunur.

Çayın hansı regionda yetişdirilməsinin onun keyfiyyətinə və xassəsinə təsiri böyükdü. İki əsas çay növü var: Çin çayı və Hindistan-Seylon çayı. Çin çayının daha incə təravəti olur. Dəmlənmiş çayın rəngi açıq sarıya çalır, amma əsil çay biliciləri bu növ çayların qiymətini yaxşı bilirlər. Elə bizim Lənkəran çayı da Çin növlüdü. Nəinki Lənkəran, hətta Gürcüstanda və Rusiyanın Krasnodar vilayətində yetişdirilən çaylar da bu növdən sayıla bilər. Uzun illər dünya bazarında Çin növlü çaylar azlıq təşkil edib, çünki elə Çinin özündə yetişdirilən çay sortları yerli əhalinin tələbatını güclə ödəyib.