Azərbaycanda "Elektron hökumət" vasitəsilə kreditlərin rəsmiləşdirilməsi proseduru sadələşdirilir

3 İyul 2014 10:47 (UTC+04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalı (e-gov.az) vasitəsilə kreditlərin rəsmiləşdirilməsi prosedurunu sadələşdirir.

Trend-in MHM-ə istinadən verdiyi məlumata görə, layihə ilk dəfə olaraq "Bank of Baku" ilə reallaşdırılır, bankla artıq müqavilə imzalanıb.

Müqavilə şərtlərinə uyğun olaraq, səlahiyyətli bank əməkdaşlarına banka müraciət etmiş hər bir müştərinin yazılı razılığı ərizəsi əsasında vətəndaşın "Elektron hökumət" portalı üzərindən "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış" elektron xidməti vasitəsilə seçdiyi dövlət qurumlarının informasiya ehtiyatlarından onun haqqında fərdi məlumatların əldə olunmasına imkan yaradılacaq.

Xidmətdən "Vətəndaşların fərdi məlumatları haqqında elektron arayış" bölməsində istifadə etmək olar.

Eyni zamanda, müştəri özü haqqında fərdi məlumatları "Elektron hökumət" portalından qeydiyyatdan keçməklə müstəqil olaraq formalaşdıraraq banka göndərə biləcək.

Fərdi məlumatlar üzrə elektron arayışda vətəndaşın şəxsiyyət vəsiqəsi, Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemlərindən, telefon nömrələri və borcları haqqında məlumatlar əks olunacaq.

Elektron arayışın hüquqi qüvvəsi olacaq ki, bu da bank tərəfindən kreditlərin verilməsi üçün sənədlərin rəsmiləşdirilməsi prosedurunu sadələşdirəcək.

Gələcəkdə digər banklarla da bu sahədə birgə əməkdaşlıq edilməsi planlaşdırılır.