"Yaşıl kart"a görə sürücülərin xərci artacaq

3 İyul 2014 11:56 (UTC+04:00)

Xeyli müddətdir ki, Azərbaycanın da "Yaşıl kart" sisteminə qoşulması gündəmdə olsa da, bu məsələ hələ reallaşmayıb. Qeyd edək ki, "Yaşıl kart" sistemi 1951-ci ildən fəaliyyət göstərir. Bu sistem avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasının başqa ölkələrdə də tanınmasını təmin edir. Sistemin işinin məqsədi xarici avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində zərərçəkənlərin iddialarının tənzimlənməsidir.Bu sistemə əsasən, "Yaşıl kart" haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda "Yaşıl kart" sisteminə xeyli sayda ölkə - Rusiya, Avropanın bütün ölkələri, İsrail, Mərakeş, Tunis və İran daxildir.

Sığorta üzrə  ekspert Xəyal Məmmədxanlı Movqe.az-a açıqlamasında bildirib ki, "Yaşıl kart"  avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının beynəlxalq  səviyyədə tanınmış formasıdır: "Burada söhbət ondan gedir ki, ölkəmiz bu sistemə qoşulduqdan sonra Azərbaycandan avtomobili ilə xaricə çıxan sürücülər xüsusi "Yaşıl kart" sığortası əldə edirlər. Bu, məsuliyyət sığortasıdır. Bu sığortaya görə də, sürücü "Yaşıl kart"a üzv olan təxminən 60-a yaxın ölkə ərazisində avtomobili ilə hər hansı hadisə törədərsə, onun vurduğu ziyan həmin ölkədəki "Yaşıl kart" bürosu tərəfindən ödənilir. "Yaşıl kart" alan sürücülərə Azərbaycandakı "Yaşıl kart" bürosu sığorta şəhadətnaməsi verir. Məsələn, mən gedib xarici ölkədə başqa  bir avtomobilə xəsarət yetirirəmsə, günah məndədirsə, burda mənə verilən şəhadətnaməni ordakı "Yaşıl kart" büosuna verirəm. Şəhadətnaməni görən zaman mənim başqa maşına vurduğum ziyan mənim yerimə ödənilir. Yəni, "Yaşıl kart" mənim sığortaçım rolunu oynayır. Sonra isə o ölkədəki "Yaşıl kart" bürosu Azərbaycanla əlaqə saxlayır və Azərbaycandakı filial pulu ora ödəyir. Beləliklə, bu, əslində mülki məsuliyyətin icbari sığortasının Avropa ölkələrində tətbiq edilən bir formasıdır". 

Qeyd edək ki, "Yaşıl kart" sürücülərin sığorta xərclərinin müəyyən dərəcədə artmasına səbəb olacaq. Sığortaçı ekspert də bildirir ki, vətəndaş ölkədən xaricə çıxırsa, xərclər artıq ya onun səyahət etdiyi günə, ya da ölkəyə uyğun olaraq hesablanacaq. 

İcbari Sığorta Bürosunun (İSB) sədri Elxan Quliyevin sözlərinə görə, qanunvericiliyə dəyişikliklərin tələb olunması Azərbaycanın "Yaşıl kart" sisteminə qoşulmasını gecikdirə bilər. Halbuki, ölkəmizin bu sistemə qoşulması 2015-ci ilin 1 yanvar tarixindən nəzərdə tutulurdu: "Ola bilsin, biz bu vaxtadək çatdıra bilmədik". "Yaşıl kart" sisteminin Bürolar Şurasının tələblərindən biri qanunvericiliyin dəyişdirilməsidir. Hazırda "İcbari sığortalar haqqında" Qanuna dəyişikliklər şəklində müvafiq dəyişikliklər hazırlanaraq Prezident Administrasiyasına verilib. Elxan Quliyev bununla bağlı qeyd edib: "Qanuna dəyişiklik sentyabr ayına qədər Milli Məclisdə qəbul olunsa, bəlkə bizim də vaxtımız qalar".Elxan Quliyev əlavə edib ki, Bürolar Şurasının tələblərindən biri də Avropa bankından 5 milyon avroluq zəmanət məktubunun verilməsidir: "Bu vəsaitin yığılması və bank zəmanətinin verilməsi üçün hüquqi baza lazımdır. Ona görə bu işə qanun qəbul olunduqdan sonra davam olunacaq. Bu məbləği iştirakçı sığorta şirkətləri birgə ödəyəcək".