Kommersiya obyektlərinin də alqı-satqısında tənəzzül başlayıb

4 İyul 2014 08:08 (UTC+04:00)

Son günlərə qədər tikinti şirkətlərinin inşasına xüsusi maraq göstərdiyi kommersiya obyektləri ilə bağlı da bir tənəzzül müşahidə olunmaqdadır. Söhbət belə obyektlərin tikintisinin azalmasından və alqı-satqısının zəifləməsindən gedir.

"MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov hesab edir ki, kommersiya obyektlərinin alqı-satqısındakı tənəzzül qiymət artımı ilə əlaqədardır: "Ötən illə müqayisədə kommersiya obyektlərinin qiymətində 30% artım baş verib. Ona görə də bu gün orta və iri kommersiya obyektlərinin satışı mümkün deyil. Yəni, həmin obyektlərin alınması real alıcıların imkanları xaricindədir. Ancaq xırda obyektlər satıla bilir. İkinci səbəb də mövsümi amildir. Yay aylarında potensial alıcıların böyük əksəriyyəti istirahətə hazırlaşır və ya artıq ölkədə yoxdur. Onlar payız aylarında bazara qayıdacaqlar. Digər amil də bank sektorunda kreditlərin verilməsində müəyyən sərtləşmə ilə bağlıdır. Bu gün kredit almaq müəyyən qədər çətinləşib. Hər adama kredit verilmir. Bu da bazara pul axının həcminin azalmasına səbəb olub. Bütün bunlar kommersiya obyektlərinin bazarında aktivliyini aşağı salıb".

İqtisadçının fikrincə, alqı-satqının azalması fonunda qısa müddət ərzində kommersiya obyektlərinin qiyməti aşağı düşə bilər: "Kommesriya obyektləri daşınmaz əmlak bazarının tərkib hissəsidir. Burada da aparıcı mövqeni ilkin mənzil bazarı tutur. Mənzil bazarına uyğun olaraq digər seqmentlərdə - kommersiya obyektlərində, torpaq bazarında hadisələr cərəyan edir".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirdi ki, tək kommersiya obyektlərində yox, demək olar ki, ipoteka kreditləşməsindən başqa bütün sahələrdə tənəzzül var: "İpoteka kreditləşməsi nəticəsində fərdi yaşayış mənzillərində aktivliyi təmin etmək mümkün olub. Bu baxımdan nağd alışların məhdudlaşdığı bir mərhələdə təklif sürətlə artır, amma tələb çox aşağıdır. Xüsusən nəzərə alsaq ki, yeni tikililərin hesabına qeyri-çoxsaylı yaşayış sahələri daxil olur. Bu baxımdan alqı-satqı əməliyyatlarının məhdudluğu kommersiya obyektlərinin satılmasında müəyyən qədər tənəzzül yarada bilib. Amma tam olaraq tənəzzül demək olmaz. Çünki, 2011-ci ildə bazarda böyük məbləğli əmlakların alqı-satqısında məhdudiyyət var idisə, bu gün həmin tip əmlakların alınmasına rast gəlmək mümkündür. Bu, onu göstərir ki, bazarda iri məbləğli alıcılar meydana çıxmağa başlayıb. Bu da iqtisadi vəziyyətin qismən stabilləşməsi, ötən dövrlərdə yaranış böhranın və bazardakı risk amillərinin tədricən aradan qalxması ilə bağlıdır. Eyni zamanda bazarda sürətli qiymət artımları kənardan bazara daxil olan alıcıların hesabına olur. Ona görə də bu və gələn il müəyyən qədər qeyri-yaşayış sahələrinə tələbin artmı müşahidə olunacaq".

Ramil Osmanlı hesab edir ki, bu gün Azərbaycan bazarında qiymət dəyişmələri iqtisadi amildən çox, psixoloji amillərlə bağlıdır: "Satıcı əmlakının qiymətini heç bir halda aşağı salmaq istəmir. Yalnız təcili satışlarda müəyyən qədər azalmalar var. Ona görə də xüsusən kommersiya obyektlərinin qiymətində azalma müşahidə olunmayacaq. Çünki, kommersiya obyektlərinin likvidlik dərəcəsi daha yuxarı, gəlirgətirmə imkanları genişdir. Kommersiya obyektlərinin daşınmaz əmlak subyekti kimi alternativ istifadə imkanları genişdir. Bu da onun gəlirliyinə müsbət təsir göstərir. Yəni, likvidlik əmsalının yüksək olması kommersiya obyektlərinin qiymətinin aşağı düşməsi risklərini aradan qaldırır".