Temperatur 41 dərəcəni keçərsə işlər dayandırılmalıdır

3 İyul 2014 17:51 (UTC+04:00)

İyul ayının ilk günləri olmasına baxmayaraq, sabahdan havalar bu fəslin ən qorabişirən ayı sayılan avqustda olduğu kimi isti keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın verdiyi məlumata görə, iyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.   Hidrometeroloqların məlumatlarından belə məlum olur ki, qarşıdakı günlərdə havadan insaf gözləmək yersizdir. 

Movqe.az xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova da havaların isti keçməsi ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Z. Vahidova bildirib ki, havaların isti keçməsi səbəbindən günvurma halları çoxala bilər: "Saat 11.00-dan 17.00-a qədər ehtiyac olmadığı təqdirdə açıq günün altında gəzmək olmaz. Günvurmaya yaşlılar, uşaqlar, xəstələr, kök adamlar daha çox məruz qalırlar. Günvurmaya saat 12.00-dan saat 16.00-a qədər bayırda uzun müddət fiziki işlə məşğul olan insanlar da çox məruz qalır. Həmin saatlarda uzun müddət fiziki işlə məşğul olmaq tövsiyə edilmir". 

Z. Vahidova deyib ki, belə anomal isti havalarda küçəyə çıxan insanlar təbii, açıq rəngli, bədənə çox yapışmayan paltarlar geyinməlidirlər: "İnsanlar baş örtüklərindən, çətirlərdən, sərinləşdirici içkilərdən çox istifadə etməlidirlər. Çətin həzm olunan, yağlı, ətli qidalardan imtina etmək, meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Maye ifrazı çoxaldığına görə, gün ərzində hər insan 5 litrdən yuxarı maye qəbul etməlidr". 

Z. Vahidova bildirib ki, mayın 1-dən bu günədək günvurma diaqnozu ilə stansiyaya 12 nəfər müraciət edib, onlardan 4-ü xəstəxanaya çatdırılıb, yardım göstərildikdən sonra evə buraxılıblar. Son sutka ərzində isə Bakıda 2 nəfər günvurma diaqnozu ilə təcili yardıma müraciət edib.

Qızmar günəş altında bir dəqiqə dayanmaq mümkün olmasa da, isti hava şəraitində tikinti sektorunda işlər dayandırılmayıb. Əldə etdiyimiz məlumatlara görə, təhlükəli olsada binaların tikintisində calışan, daş karxanalarında işcilər acıq hava şəraitində işləyirlər. Yerdən daş cıxarıldığından, fəhlələr kəsilmiş mişar daşlarını maşınlara yükləmək ücün daş karxanalarında saxlanılır. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov hidremeterioloqların bu xəbərdarlığının  nəzərə alınmasının vacib olduğunu söyləyir. S. Məmmədovun sözlərinə görə, isti yay günlərində temperatur müəyyən həddi keçdiyi təqdirdə işlər dayandırılmalıdır. Ekspert bildirdi ki, bu məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsilə həll olunur: "Əgər həddindən artıq isti və ya soyuq olması səbəbindən işlər dayandırılırsa, bu işçinin maaşına təsir göstərməməlidir. Bundan başqa, Əmək Məcəlləsinin 54-cü maddəsində işçilər üçün normal iş şəraitinin yaradılması nəzərdə tutulub. Hətta normal iş şəraiti yaratmayan şirkətlər 2000 manata qədər cərimə oluna bilərlər. Əmək Məcəlləsinin 233-cü maddəsində nəzərdə tutulub ki, işçilər havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.  İndi də acıq şəraitdə temperatur 41 dərəcəyə catırsa, orada işləməyə icazə verilmir". 

S. Məmmədov deyir ki, əgər tikinti sektorunda, daş karxanalarında qanunvericiliyin bu müddəası pozulursa işəgötürənlər Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi tərəfindən cərimələnməlidir: "Qanunla bu işcinin hüququnun pozulması, işcinin sağlamlığının bilərəkdən təhlükə altına atılması deməkdir. Tikinti sektorunda sahibkarlar Z. Vahidovanın xəbərdarlığına əməl etməlidirlər. TTTYS-nın böyük həkimi də acıq havada fiziki işlə məşgul olmağın xüsusilə günorta saatlarında təhlükəli olması barədə xəbərdarlıq edib".