AMEA-nın müxbir üzvü Rafael Hüseynovun Məhəmməd Füzuli haqqında monoqrafiyası işıq üzü görüb

3 İyul 2014 12:00 (UTC+04:00)

Görkəmli ədəbiyyatşünas alim, AMEA  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin  direktoru, AMEA-nın müxbir üzvü, professor  Rafael Hüseynovun dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuliyə həsr edilmiş "Yoxdan var" adlı yeni monoqrafiyası işıq üzü görüb.


Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki,

Hüseynov Rafael Baba oğlu — görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Millət Vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor 1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Burada 12 saylı şəhər orta məktəbini bitirmişdir (1971).


Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır (1971-1976).


Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır (1976-1978).


Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi (1978-1982), həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır (1982-1988).


1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.


Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur.


Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli" qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlamışdır. Dövri mətbuatda vaxtaşın çıxış etmişdir.


Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər" və "Axşam görüşləri" adlı həftəlik verilişlər silsiləsi efırdə səslənmişdir.


"Qobustan" incəsənət toplusunda "Görməyən gözlərin aydınlığı", "Əsas odur ki, xalq sizi sevir", "Həsrət qatarı" və s. publisistik yazıları çap olunmuşdur.


Orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin müəllifıdir.


1992-ci ildə "Baba Tahir Üryan və onun poetik irsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.


Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında "İki ömrün işığı" (1987) adlı xatirələr kitabını tərtib etmişdir.


ADU-da "fars ədəbbiyyatı" (1987-1989), Konservatoriyada "Mədəniyyət tarixi" (1990-1991), "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" (1995) fənlərindən dərs demişdir.


Xəzər Universitetində "Azərbaycan filologiyası və şərqşünaslıq" kafedrasının müdiri vəzifəsində (1995-1998) çalışmışdır.


Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən bildiririk ki, Məhəmməd Füzuli haqqında Azərbaycan ədəbiyyatşünaslığında çoxsaylı məqalə və kitabların yazılmasına baxmayaraq, Rafael Hüseynovun əsəri yazı və yanaşma tərzinin yeniliyi və özünəməxsusluğu ilə seçilir. Müəllif Azərbaycan, Orta Asiya, İran, Türkiyə və bir sıra Avropa ölkələrindəki arxiv və əlyazma xəzinələrində uzun illər ərzində apardığı araşdırmalarının yekunu olaraq XVI əsr ədəbi və fəlsəfi fikrimizin bu müstəsna nümayəndəsi haqda elmdə yeni söz olan tədqiqat əsəri yaratmağa müvəffəq olmuşdur.


Şairlikdə mahirliyi qədər elmiliyi ilə də fərqlənən Füzulinin əsas məziyyəti ondan ibarətdir ki, yaradıcılığında elm və sənəti üzvi şəkildə qovuşdurmağı bacarmışdır. Ona görə də Füzulidən bəhs edərkən Rafael Hüseynov onu sadəcə olaraq şair, yaxud yalnız alim adlandırmır, iki vacib dəyəri eyni zamanda varlığında və yaradıcılığında daşıyan mütəfəkkir söz ustasını bütövlüyü ilə təhlil edir.


Müəllif göstərir ki, ana dilindən savayı fars və ərəbcə də mükəmməl bədii və elmi əsərlər yaradan Füzuli özündən sonrakı türkdilli ədəbiyyatın inkişafına güclü təsir göstərmişdir. Yaşadığı əsrdən başlayaraq müasiri olan sənət nəzəriyyəçiləri və ədəbiyyatşünaslar onun yaradıcılığı ilə maraqlanmış və Füzulinin əsərləri rus, alman, ingilis, fransız, italyan, ispan, rumın, macar, polyak, gürcü və sair dillərə tərcümə edilmişdir.


Kitabın adı Füzulinin öz məşhur qəzəlindən götürülüb. Sözün və onun daşıdığı rəngarəng mənaların yoxluqdan yaranmasına heyrətlənən Füzuli yaradıcılığında bədii sözün elə bir plastikasına nail olmuş və son dərəcə dar məkan içərisində çox böyük fikir genişliyini ifadə etməyi bacarmışdır. Rafael Hüseynovun monoqrafiyasındakı bir neçə fəsildə Füzuli yaradıcılığının bu xüsusiyyətləri təfərrüatları ilə izlənilir.


Monoqrafiyada həm Füzulinin qəzəl janrına gətirdiyi yeniliklər, nail olduğu ifadə gözəllikləri nəzərdən keçirilir, həm də şairin qəzəl yaradıcılığının özündən sonrakı lirik poeziyanın irəliləyişlərinə təsiri araşdırılır.

Kitabda Füzulinin ən məşhur əsəri olan "Leyli və Məcnun" məsnəvisi də diqqət mərkəzində saxlanılır, əsərdəki Leyli obrazına münasibətdə ilk dəfə olaraq bəlli stereotiplərdən kənara çıxılır və Füzulinin təsvir etdiyi Leyli məhz müəllifin təqdim etdiyi mürəkkəbliyi ilə təhlil olunur. Məsnəvidən iqtibas edilən parçalar və VIII – XI əsrlərə aid ərəb məxəzlərindən toplanmış məlumatlar əsasında Füzuli məsnəvisində Leylinin fərqli situasiyalarda dəyişən xarakteri və davranışları təsvir edilir.

Tədqiqatda bu qənaət təkidlə vurğulanır ki, istənilən klassikin yaradıcılığının doğru-düzgün öyrənilməsindən ötrü ilk növbədə onun əsərlərinin kamil elmi tənqidi mətninin hazırlanması gərəkdir. Bununla əlaqədar əsər boyu indiyədək Füzuli mətnlərinin nəşrlərində yol verilmiş bəzi qüsurlar üzərində dayanılaraq onlar islah edilir və həmin yanlışlıqların doğurmuş olduğu səhv qənaətlər xatırlanır.


Araşdırmada Füzuli irsində müstəqil şəkildə öyrənilməsi vacib olan problemlərin mümkün dairəsi də cızılır, şairin bütün yaradıcılığından keçərək sistemə çevrilən ayrı-ayrı obrazlara diqqət yönəldilir.

Füzuli öz ədəbi vəzifəsinin ən vacibini milli dilə xidmətdə görürdü və lirik poeziyanı ana dilində farsca ilə müqayisədə rəqabətə qadir bir duruma çatdırmağa can atırdı. Rafael Hüseynov böyük şairin bu çətin tarixi öhdəliyi necə icra edə bildiyini dəlillərlə şərh etmişdir.


Füzulini daha yaxşı tanımaq və tanıtdırmaq məqsədi daşıyan bu kitabda həm də Füzuli əsərlərinə müxtəlif dövrlərin miniatürçü və rəssamlarının çəkdiyi illüstrasiyalar yer almışdır.


Görkəmli şərqşünas alim, akademik  Vasim Məmmədəliyevin  elmi redaktoru olduğu bu dəyərli monoqrafiya Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının məsləhəti ilə nəşr olunmuşdur. 50 çap vərəqi həcmində olan 808 səhifəlik bu fundamental əsər "Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilib.

 

Elmi ictimaiyyətlə yanaşı, geniş oxucu auditoriyası üçün də maraqlı olacaq əsər oxunaqlı dildə yazılmış, kitabın sonunda müxtəlif dillərdə olan məxəzlərdən, adlar göstəricilərindən istifadə edilmiş, əsərin ingilis, fars, rus dillərində xülasələri verilmişdir.


ƏLİHÜSEYN ŞÜKÜROV


Azərbaycan və Rusiya Jurnalistlər İttifaqının üzvü.

Masallı-Murmansk.



Azərbaycanın görkəmli dövlət və ictimai xadimi Həsən Həsənovun "Qız qalası" kitabının təqdimat mərasimi keçirildi


Dünən, 2 iyul 2014-cü il tarixdə AMEA Rəyasət Heyətində Azərbaycanın Polşadakı səfiri, tanınmış ictimai-siyasi xadim, tarix üzrə elmlər doktoru  Həsən Həsənovun  rus dilində "Qız qalası" kitabının təqdimat mərasimi keçirildi.


Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, 

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV bu xəbərində bildirir ki, 

Həsən Əziz oğlu Həsənov  —  Azərbaycan SSR  və  Azərbaycan Respublikasın ın siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktorudur (2006).  


Həsən Həsənov Azərbaycan Respublikasının  Polşada  fövqəladə və səlahiyyətli səfiri ( 2010 -),  Azərbaycan Respublikasının Xarici İşlər Naziri  ( 1993 - 1998 ), Azərbaycan SSR Nazirlər Sovetinin sədri ( 1990 - 1992 ),

Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi ( 1981 - 1983 ), 

Tikinti məsələləri üzrə katibi ( 1983 - 1988 ), İqtisadiyyat məsələləri üzrə katibi ( 1988 - 1990 ) iıləmiş, uzun illər  Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin Büro üzvü, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri ( 1992 - 1993 ),  Macarıstan  ( 2004 - 2010 ) və Polşada ( 2010 - h.d.-ə qədər) fövqəladə və səlahiyyətli səfiri olmuşdur.


Həsən Həsənov 2010 - cu ildən hazırkı dövrə qədər Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiridir. 


 Macarıstan  və bir neçə  SSRİ ordeni,  Azərbaycan ,  Qazaxıstan  və bir neçə  SSRİ  medalları ilə təltif olunmuşdur.


Bakı şəhər Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi ( 1975 - 1978 ), Sumqayıt  Şəhər Partiya Komitəsinin 1-ci Katibi ( 1978 -1 979 ),  Gəncə  Şəhər Partiya Komitəsinin 1-ci Katibi ( 1979 - 1981 ) vəzifələrində çalışmışdır.


Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən bildiririk ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik  İsa Həbibbəyli kitabın İçəri Şəhərdə yerləşən abidələrin, eləcə də Qız Qalasının tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyətə malik olacağını bildirdi. Akademik yeni nəşrin gələcəkdə tarixi-memarlıq irsimizlə bağlı yeni araşdırmalar zamanı önəmli mənbəyə çevriləcəyini qeyd etdi.

İçərişəhərdə abidələrin bərpası və mühafizəsi istiqamətində həyata keçirilən layihələrlə yanaşı, elmi araşdırmaların aparılmasının zəruriliyini önə çəkdi.


Sonra çıxış edən müəllif elmi araşdırmalar və əldə olunan nəticələrlə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, üç hissədən ibarət olan kitabda Qız qalasının tarixi tamamilə fərqli prizmada araşdırılmış və bir sıra toponimlərin adları açıqlanmışdır. Bir çox mənbələrdə Qız qalasının XII əsrə aid edildiyini, Azərbaycan xalqına aidiyyəti olmadığının göstərildiyini diqqətə çatdıran Həsən Həsənov qeyd etdi ki, kitabın əsas məqsədi Qız qalası ilə bağlı tarixi faktları aşkara çıxarmaqdan ibarətdir.

Əvvəlki mənbələrdə göstərilən fikirlərin yanlış olduğunu önə çəkən müəllif Qalanın eramızdan əvvəl VIII əsrdə tikildiyini vurğuladı.


Müəllif yeni tədqiqat əsərində Qız qalasının türk əsilli, bütpərəst kimmer və skif tayfaları tərəfindən inşa edildiyini, ulu od tanrısı Tabitiyə həsr edildiyini nəzərə çatdırdı. Bildirdi ki, səkkiz mərtəbədən ibarət olan Qız qalasının hər mərtəbəsi ayrılıqda bir məbəddir.


Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr edilən yeni nəşrin elmi redaktoru mərhum akademik Rasim Əfəndiyevdir.

 

Tədbirdə çıxış edən akademik  Ramiz Məmmədov , AMEA-nın müxbir üzvləri Nizami Cəfərov ,  Ərtegin Salamzadə , professor  İlham Məmmədzadə  və başqaları əsərin vacib tarixi mənbə olacağını bildirdilər.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.