Bu il qıtlıq olacaq

3 İyul 2014 21:15 (UTC+04:00)
Biləsuvar rayonunun sakinləri bir müddətdir ki, sahələrdəki əkinlərini suvara bilmirlər. 

Sakinlərin ANS PRESS-in bölgə müxbirinə etdikləri şikayətə görə, mövcud problem bütün kəndləri əhatə edir. Min bir zəhmət hesabına əkilən pamidor, yonca sahələrinin xeyli hissəsi artıq susuluqdan tamamilə yanıb.

Ən acınacaqlı vəziyyət isə pambıqçılıq sahəsindədir. Artıq vegitasiya müddəti başa çatmaqda olan 2 min hektardan çox pambıq sahəsi yaxın 3-4 gün ərzində suvarılmazsa, məhv ola bilər.

Qeyd edək ki, hazırkı müddətdə pambığın hündürlüyü 1 metrdən yuxarı olmalı olduğu halda, suvarılmayan sahələrdə pambıq cəmi 20 sm-ə kimi inkişaf edə bilib.

Artıq kənd sakinlərinin əksəriyyəti nəinki gəlir barəsində düşünmür, onlar pambıq zovodlarından qabaqcadan aldıqları avansın müqabilində pambıq təhvil verə bilməyəcəkləri üçün işlərinin məhkəmədən keçəcəyindən narahatdırlar.

Sakinlərin sözlərinə görə, sahələrin suvarılmasında inhisarçılıq meyilləri də var. 

Belə ki, Biləsuvar rayonunda yerləşən əkinçiliklə məşğul olan şirkətlər verilən suyun əksəriyyətini öz sahələrinə yonəldirlər.

Deyilənlərə görə, şirkət nümayəndələri sakinlərin şikayəti əsasında həmin əraziyə gəlmiş Kənd Təsərrrüfatı Nazirliyinin işçilərini qəbul etməyib. Ciddi və təcili tədbirlər görülməzsə, vəziyyət daha da acınacaqlı hala gələ bilər. Bununla da, bu il Biləsuvar rayonunda pambıq istehsalı hiss olunacaq dərəcədə aşağı düşə bilər.