"Azərbaycanda ət
sektorunun inkişaf strategiyasının hazırlanması nəzərdə tutulur.
Bunun üçün hazırda Avropa Şurasından dəvət olunmuş ekspertlərlə
birgə iş görülür". Bu sözləri APA TV-də efirə gedən "Sosium"
proqramının qonağı, Respublika Baytarlıq Xidmətinin sektor müdiri
Ramiz Salmanov deyib.Qonaq ət və ət məhsullarının istehsalı
sahəsində Avropa təcrübəsindən istifadənin əhəmiyyətindən danışıb:
"Biz beynəlxalq ekspertlərlə birgə vahid strategiyanın hazırlanması
üzərində çalışırıq. Oradakı qanunların Azərbaycanda tətbiqinə
ehtiyac var".
Ramiz Salmanov son günlər Respublika Baytarlıq Xidmətinin
əməkdaşları tərəfindən aşkarlanıb müsadirə olunan 3 ton ətlə bağlı
məsələyə aydınlıq gətirib: "Etiraf edək ki, Bakıya bəzən müxtəlif
yollarla ət gətirilir. Bu məsələ daim Baytarlıq Xidmətinin nəzarəti
altında olsa da, bəzən istisnalar da olur. Laborator analizlər
nəticəsində aşkarlanan həmin ətdə insanlarda müxtəlif xəstəliklərə
səbəb ola biləcək bakteriyalar tapıldığından 3 ton ət müsadirə
olunaraq heyvanat parkına verilib. Lakin təəssüf ki, bəzən belə
məhsullar dönərxanalara, iaşə müəssisələrinə, şadlıq evlərinə,
hətta ət satışı məntəqələrinə və kolbasa sexlərinə də verilir.
Nəzərinizə çatdırım ki, Bakının 27 bazarında sanitar nəzarət
məntəqəsi var. Lakin əhalidə belə bir fikir formalaşıb ki, ətin
üzərində nəzarət damğa nişanı varsa, bu ət kombinatının məhsuludur.
Bir çox alıcılar belə əti almaq istəmirlər. Əksəriyyət gözü
qarşısında kəsilən əti almağa üstünlük verir. Lakin bilmirlər ki,
heyvanlardan keçən ən ağır xəstəliklər – brüselyoz, dabaq, quduzluq
və s. məhz belə heyvanlarda daha çox olur. Bu məsələnin ətin göz
qabağında kəsilib kəsilməməsi ilə əlaqəsi yoxdur. Bu işdə alıcılar
həmişə, xüsusilə də infeksiyaların sürətlə yayıldığı yay mövsümündə
diqqətli olmalıdırlar. Ət alarkən onun üstündə nəzarət nişanının
olmasına, aldıqları yerdə sanitar-gigiyenik qaydalara riayət
olunmasına fikir verməlidirlər".
Qonaq bu sahədə məmur səhlənkarlığının da ola biləcəyini istisna
etmir, lakin onun sözlərinə görə belə hallar çox az ola bilər:
"Bütün sahələrdə olduğu ki, bizim işimizdə də öz işinə diqqətlə
yanaşmayanlar ola bilər. Lakin mən inanmıram ki, kimsə özü də başda
olmaqla, insan sağlamlığını hansısa maraqlara qurban versin. Bunun
qarşısının alınması üçün baytarlarla tez-tez görüşlər keçirilir.
Onların da işinə rəhbərlik tərəfindən ciddi nəzarət var. Bəzi
xəstəlikləri ixtisaslı həkimlər laborator analizlər olmadan da
müəyyənləşdirə bilirlər. Heyvanın tükünün sığallı olmasına, gözünün
islaq olub-olmamasına və s. xarici əlamətlərə görə onda xəstəlik
olduğunu aşkarlayan heç bir baytar həkim həmin heyvanın ətinə
sağlam ət kimi möhür vurmaz".
Ramiz Salmanov dövlətin bu sahədə təhlükəsizliyin təmin olunmasına
böyük diqqət yetirdiyini bildirib: "Hər il dövlət tərəfindən
heyvanlarda olan xəstəliklərə qarşı profilaktik tədbirlərin
aparılması üçün büdcədən vəsait ayrılır. Məlumat üçün qeyd edim ki,
hal-hazırda Azərbaycan Respublikasının ərazisi epizodik
xəstəliklərə görə tamamilə təhlükəsizdir. Qida təhlükəsizliyinin
qorunması üçün həm ölkə rəhbərliyi, həm də baytarlıq idarəsi bütün
lazımi tədbirləri görür".
Qonaq əhalini ictimai iaşə obyektləri və açıq dönərxanalarla bağlı
diqqətli olmağa çağırıb: "İnsanlar ətin tam emal olunmadığı
dönərxanalarda, yeməkxana və kafelərdə çox diqqətli olmalıdırlar.
Kolbasa sexlərinə gəldikdə isə, burada ət termik işləmədən keçir və
emal olunur. Düzdür, əgər xəstəlik varsa, bu heç bir təqdirdə qida
sektoruna düşməməlidir, amma həmin məhsulların kolbasa sexlərinə
getməsi, dönərxanalara getməsindən yaxşıdır".
Ramiz Salmanov ət kəsimi ilə bağlı görülən işlərdən də danışıb:
"Yaxın 5 il ərzində beynəlxalq ekspertlərlə birlikdə ət sektorunun
inkişaf konsepsiyasının hazırlanması nəzərdə tutulur. Hazırda Gəncə
şəhərində Qafqazda analoqu olmayan müasir standartlara uyğun
kəsimxana tikilir. Ət kəsiminin tamamilə yığışdırılıb bir mərkəzdə
cəmlənməsi üçün müəyyən zamana ehtiyac var. əgər birdən-birə bunu
qadağan etsək, ət böhranı yaranar. Ümidvaram ki, yaxın 1,5 - 2 ilə
bu problem aradan qalxacaq".
Qonşu respublikalarda mal-qarada xəstəliyin aşkar olunması ilə
bağlı narahatçılığa əsas olmadığını deyən qonaq belə halın olmaması
üçün tədbirlərin görüldüyünü də deyib: "Biz bu məsələ ilə bağlı
qonşu İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə
əlaqə saxlamışıq. Bu məsələdə xüsusi əməkdaşlıq çərçivəsində
işləyirik. Əlbəttə, İranda mal-qarada belə xəstəliyin olması yaxşı
hal deyil. Bu xəstəlik hava və həşəratlar vasitəsilə keçən
xəstəlikdir. Yalnız heyvanlar üçün zərərli olan bu infeksiya
insanlar üçün qorxulu deyil".