Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında saziş imzalanıb

3 İyul 2014 18:39 (UTC+04:00)

İyulun 3-də Nazirlər Kabinetində Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi" layihəsi üzrə Kredit Sazişi imzalanıb. "Azərsu " ASC-dən movqe.az-a verilən xəbərə görə, imzalanma mərasimində baş nazirin müavini Abid Şərifov Azərbaycanla Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib: "Azərbaycan hökuməti müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrasında beynəlxalq maliyyə qurumlarının, o cümlədən Səudiyyə İnkişaf Fondunun kreditlərindən istifadə edir. İndiyə qədər Fond ölkəmizdə su, yol, təhsil sahələrini əhatə edən 4 layihəyə güzəştli şərtlərlə maliyyə vəsaiti ayırıb. Bu gün isə Abşeron rayonu Xırdalan şəhərinin sosial-iqtisadi inkişafına töhfə verəcək bir layihənin maliyyələşdirilməsi üzrə saziş imzalanacaqdır".


Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan xalqını təbrik edən Səudiyyə İnkişaf Fondunun vitse-prezidenti və icraçı direktoru Yusif İbrahim Əl-Bassam Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirib: "Bu Azərbaycana dördüncü səfərimdir. Ölkənizdə sürətli inkişafın şahidiyəm və şadam ki, infrastrukturun yaxşılaşdırılmasında Səudiyyə İnkişaf Fondunun da rolu vardır. Azərbaycandan yeni layihələrin maliyyələşdiriləməsi ilə bağlı müraciətlər olsa, məmnunluqla onlara kredit ayıracağıq".


Sonra Azəbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi" layihəsi üzrə Kredit Sazişinin imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan hökuməti adından "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov və Səudiyyə İnkişaf Fondunun vitse-prezidenti və icraçı direktoru Yusif İbrahim Əl-Bassam imzalayıb.


Sazişə əsasən, Səudiyyə İnkişaf Fondu "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi" layihəsinə güzəştli şərtlərlə 35 milyon dollar kredit ayıracaq. Ümumi dəyəri 75 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirəcək.


Qeyd edək ki, "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi" layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 190 mindən artıq sakinin dayanıqlı içməli su ilə təmin edilməsinə hesablanmışdır. Layihə çərçivəsində Xırdalan şəhərində ümumi tutumu 60 min kubmetr olan 3 ədəd su anbarı tikiləcək, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin etmək məqsədi ilə müxtəlif diametrli polietilen və polad borularla 178,5 km uzunluğunda su şəbəkəsi yaradılacaq, hər bir ünvana ev birləşməsi verilərək samart-kart sayğaclar quraşdırılacaq.